Azərbaycanın zərbəsi bu dəfə daha ağır olacaq - HƏRBİ EKSPERT AÇIQLADI

"Ermənistan heç bir zaman öhdəliklərini yerinə yetirməyib, heç bir beynəlxalq hüquqa əməl etməyib". Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.

Onun sözlərinə görə, Azərbaycan dövləti, Azərbaycan xalqı, başda Ali Baş Komandan İlham Əliyev olmaqla onun silahlı qüvvələri 44 günlük Vətən savaşında erməniləri məcbur etdi ki, qətnamələrə əməl etsin: "İndi də 9 noyabr 2020-ci ildə imzalanmış bəyannamə var. Eyni zamanda Rusiya prezidentinin vasitəçiliyi ilə bir sıra görüşlər keçirilib, həmçinin Avropa İttifaqı prezidentinin vasitəçiliyi ilə də bir çox üçtərəfli, ikitərəfli görüşlər təşkil edilib. Bu görüşlərdə Ermənistanın konkret öhdəlikləri olduğu və onları yerinə yetirməli olduğu vurğulanıb. Qarabağdan erməni silahlı birləşmələri çıxarılmalıdır. Buna Rusiya sülhməramlıları da cavabdehlik daşıyır. Normal qonşuluq münasibətləri qurulmalıdır və Ermənistan 5 şərtin 5-nə də əməl etməlidir. Ermənistan Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü tanımalıdır. Türkiyə və Azərbaycanla normal münasibətlər qurmalıdır. Əks halda bu dəfə cəza daha ağır olacaq. 2016-cı ildə dediyimiz ağır cəzanı 2020-ci ildə tətbiq etdik. Əgər bu şərtləri qəbul etməsələr bu dəfə onları lap ağır cəza gözləyir. Ermənistan odla oynayır. İndi də sərhədlərə təxribat-diversiya qrupları göndərir. Bilirsiniz ki, diversiya qrupu ancaq Ermənistan rəhbərliynin icazəsi ilə addım ata bilər. Yəni Ermənistanın icazəsi olmadan təxribat-diversiya qrupları bu ərazilərə göndərilə bilməz. Bunların arxasında Ermənistanın baş naziri, hərbi rəhbərliyi, siyasi rəhbərliyi durur. Buna onlar cavabdehdir və bunun arxasında onların havadarları durur. Onlar elə hesab edirlər ki, bu məsələlərlə münaqişənin ömrünü uzada bilərlər. Münaqişəni uzadaraq başqa poblemlər yaratmaq istəyirlər. Amma düşünmürlər ki, yenə uduzan tərəf Ermənistan olacaq. Azərbaycan onlara son şans verib. Onlar bu son şansı dəyərləndirməlidirlər. Əgər bu məsələdən əl çəkməsələr, Qarabağda qeyri-qanuni fəaliyyətə keçsələr Azərbaycan dövləti buna ciddi cavab verəcək. Ordumuz hər zamankından daha güclüdür, daha peşəkardır. İstənilən halda hərbi əməliyyatlara başlamağa hazırdır. Azərbaycanın zərbəsi bu dəfə daha ağır olacaq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...