Ermənistan heç vaxt söz sahibi olmayıb - HƏRBİ EKSPERT DANIŞDI

"Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamamaq üçün min oyundan çıxır. Təxribat-diversiya qruplarının fəaliyyəti də bunun tərkib hissəsidir". Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Onun sözlərinə görə, onlar maksimum çalışacaqlar ki, sənədin imzalanması uzadılsın: "Çünki Ermənistan heç vaxt söz sahibi olmayıb. Ermənistan həmişə başqalarının əlində alət olub. Bu günlərdə də elə şimal qonşumuz onun marağındadır ki, bu proseslər onların nəzarətindən kənara çıxmasın. Ona görə də onlar belə təxribatlar törədirlər, gərginliyin davam etməsini istəyirlər. Düşünürəm ki, bu hadisələr bundan sonra da davam edəcək. Ermənistan regionda sülhün, əmin-əmanlığın davam etməsi üçün hansısa bir tədbir görməyi düşünmür. Əslində bütün baş verənlər Ermənistanın marağında olmalıdır. Çünki Ermənistan iqtisadiyyatını dirçəltməlidir, gücləndirməlidir. Amma təəssüflər olsun ki, biz fərqli mənzərələrlə qarşılaşırıq. Bunun da günahı birbaşa Ermənistanın indiki rəhbərliyidir.

Ermənistanın daxilində etiraz aksiyaları keçirilir. Ermənistan siyasətində müxtəlif fikirlər səsləndirilir. Amma bunlardan asılı olmayaraq Azərbaycan öz işini görməlidir. Ərazilərimizi quldur dəstələrindən təmizləməli, insanlarımızın rahat şəkildə öz doğma yurdlarına qaytarılmasını təmin etməliyik. Həmin ərazilərdə infrasturukturun bərpası, evlərin tikintisi həyata keçirilir. Yəni bu bizim qarşımızda duran məqsəd və vəzifələrdən biridir və birincisidir. Erməni təxribatları hər zaman olub və bundan sonra da olacaq. Bu təxribatların heç bir nəticəsi olmur. Ermənistanın hər hansı bir perspektivi olmayıb, olmayacaq da".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə