Saxta ideyalar Ermənistanın gələcəyini şübhə altına salır - POLİTOLOQ ŞƏRH ETDİ

"Hər il aprelin 24-də Ermənistan xalqı "erməni soyqırımı"nı qeyd edir. Əslində, hamıya məlumdur ki, həmin tarixdə ermənilərə qarşı deyil, əksinə Ermənistan tərəfindən türklərə qarşı soyqırım törədilib. Təəssüf ki, bəzi dünya dövlətləri məsələyə siyasi qiymət verirlər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Türkiyə tərəfi dəfələrlə arxivin araşdırılması ilə bağlı təkliflər etsə də, Ermənistan bununla heç vaxt razılaşmayıb: "44 günlük müharibədən sonra Qarabağın işğaldan azad edilməsi erməni ideologiyasında üç ideyadan birinin onların əlindən alınmasına gətirib çıxartdı. Bu da "erməni soyqırımı", eləcə də "Böyük Ermənistan" məsələsini gündəmdən salacaq".

Politoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, artıq 44 günlük müharibədən başlayaraq Ermənistanın illər ərzində Azərbaycan və Türkiyəyə qarşı apardığı informasiya müharibəsi istiqamətindəki tezislər işlək olmayacaq: "Eyni zamanda, biz ildən-ilə soyqırımla bağlı məsələlərdə dünya ictimaiyyətinin səssiz yanaşmasının şahidi olacayıq. Çünki hər kəs çox yaxşı bilir ki, o hadisələr soyqırım deyil.

Onlar təbii ki, soyqırım məsələsini gündəmə gətirərək erməni dövlətini quranların bu hadisəni unutmamasının, bu məsələ ətrafında Türkiyəyə təzyiq edilməsinin, eləcə də Cənubi Qafqazda "Böyük Ermənistan" xülyalarını həyata keçirmək cəhdlərini edirlər. Amma özləri də bu cəhdlərin uğursuzluqla nəticələnəcəyini anlayırlar.

Digər məşhur faktor ondan ibarətdir ki, onlar soyqırım məsələsi ilə dünyadakı erməni diasporalarının həmrəyliyinə və maliyyə yardımının əldə edilməsinə çalışırdılar. Bu ideya mütləq şəkildə iflasa uğrayacaq. Saxta ideyalarla erməni xalqını yaşatmaq Ermənistanın dövlətçiliyini və gələcəyini şübhə altına salmış olacaq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə