ATƏT ölü bir təşkilata çevrilib - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarımızı işğal altında saxladığı təxminən 30 il müddətində ATƏT-in Minsk qrupu münaqişənin ədalətli, beynəlxalq hüququn prinsipləri əsasında həlli istiqamətində tərəflər arasında razılaşdırılmış yekun sənədin imzalanmasına nail olmalı idi". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrləri formalaşdırılarkən bu format çərçivəsində Azərbaycanın ən böyük gözləntisi tezliklə işğal faktının aradan qaldırılması və ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması idi: "Təəssüf ki, ötən müddət ərzində ATƏT-in Minsk qrupu həmsədrləri özlərini yalnız vip turist statusunda gördülər. Bölgəyə, regiona tez-tez səfərlər edərək yalnız görüntü, söz xatirinə hansısa bəyanatlar verdilər. Heç bir nəticə verməyən səmərəsiz işlərlə məşğul oldular. Düşünürəm ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin 30 illik səmərəsiz fəaliyyəti işğal faktının uzadılmasına, həmin dövr üçün status-kvonun qorunub saxlanmasına hesablanmışdır. Bu istiqamətdə də kifayət qədər həmsədrlər tərəfindən Azərbaycana qarşı ciddi təzyiqlər həyata keçirilirdi. Çox təssüf ki, keçən 30 il ərzində 2020-ci il sentyabr ayına qədər ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən ciddi əhəmiyyətə malik olan Azərbaycanla Ermənistan arasında mövcud münaqişəni aradan qaldıracaq heç bir ciddi təklif səslənmədi. Həm mərhələli həll, həm də paket həllə bağlı məsələlər yanlız görüntü xatirinə, münaqişənin həlli istiqamətində işlərin getdiyi görüntüsü yaratmaq üçün atılan addımlardır. Çünki bu dövr ərzində irəli sürülən təkliflərin və aparılan müzakirələrin heç biri beynəlxalq hüququn prinsiplərinə və dövlətlərin sərhəd bütövlüyü prinsipinə qətiyyən uyğun deyildi. Düşünürəm ki, heç bir fəaliyyət göstərməyən, ciddi nəticə əldə edə bilməyən ölü təşkilat dövriyyədən çıxarılmalıdır.

2020-ci ilin sentyabr ayında Azərbaycan dövləti öz gücü hesabına həm BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrini, həm də digər beynəlxalq institutların Avropa Şurasının, Avropa İttifaqının, ATƏT-in, həmçinin digər beynəlxalq və regional təşkilatların qəbul etdiyi qətnamələrin icrasını öz gücünə həyata keçirib. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi ATƏT-in bundan sonrakı missiyası yanlız Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində ola bilərdi. Təəssüf ki, müharibənin üzərindən bir il yarım keçməsinə baxmayaraq ATƏT-in Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Son dövrlər baş verən hadisələr fonunda, yəni Rusiya-Ukrayna müharibəsi fonunda Amerika və Qərbi Avropa ölkələrinin Rusiya ilə düşmənçilik münasibətlərinin olması ATƏT-i ölü bir təşkilata çevirdi.

İndiki şərait və 30 illik ATƏT-in fəaliyyət tarixi onu göstərir ki, bu təşkilat ürərinə qoyulan heç bir missiyanı yerinə yetirmədən fəaliyyətini dayandırmalıdır. Aİ Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə həyata keçirilən üçtərəfli görüş formatı daha uğurludur. Hesab edirəm ki, bu formatda görüşlərin davam etdirilməsi daha məqsədəuyğun olardı. ATƏT isə adına və qarşıya qoyulan missiyaya əməl etməyən bir təşkilat kimi yadda qaldı”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə