Ermənistan sülhə hazır deyil və onların bəyanatları vaxt qazanmaq üçündür - MÜNASİBƏT BİLDİRİLDİ
"Ermənistanda Təhülkəsizlik Şurasının baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanın iştirakı ilə keçirilən dünənki iclasında Azərbaycanla sülh sazişi ilə bağlı danışıqlara başlanması barədə qərar qəbul olunub". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, Paşinyan tərəfindən Ermənistanın sülh danışıqlarına hazır olması ilə bağlı bəyanat ilk dəfə deyil ki, səsləndirirlir: "Son bir ayın içində artıq üçüncü dəfədir ki, Ermənistan tərəfindən bu səpkili bəyanatlara şahidlik edirik. Amma dəyişən heç nə yoxdur. Əksinə hər bu cür bəyanatdan sonra Ermənistan tərəfindən təxribat cəhdləri daha da artır.
Bu isə bir daha onu sübut edir ki, 30 ilə yaxın güc tətbiq etməklə, Azərbaycanın ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayan, bir milyondan çox azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq öz evlərində yaşamaq hüququndan məhrum edən Ermənistan üçün beynəlxalq hüquq pozuntusu bir vərdiş halını alıb.
Ermənistanın rəsmi qurumları öz bəyanatları ilə hələ də Azərbaycana qarşı açıq ərazi iddialarını davam etdirirlər və belə olan halda Paşinyanın sülhə hazır olmaqla bağlı bəyanatları təbii ki, quru sözdən başqa bir şey deyil. Ermənistan tərəfi bununla bütün dünyaya guya sülhə hazır olduqlarını, amma Azərbaycan tərəfinin sülh istəməməsini çatdırmağa çalışır.
Halbuki, sülh üçün hansı addımların atılması üçtərəfli bəyanatda və ondan sonrakı görüşlərdə imzalanmış sənədlərdə əks olunub. Azərbaycan tərəfi də üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirib. Əgər Ermənistan sülhə hazırdırsa onda ilk növbədə üçtərəfli bəyanatın 4-cü bəndində nəzərdə tutulduğu kimi Ermənistan Silahlı Qüvvələrinin qalıqlarını ərazilərimizdən çıxarmalıdır. Lakin biz bunu görmürük, əksinə Laçın dəhlizi vasitəsilə regiona yeni əlavə qüvvələr cəlb etdiyinə şahidlik edirik. Bu isə yenə də imzalanmış bəyanatın 6-cı maddəsinin tələblərini kobud şəkildə pozmaq deməkdir.
Ermənistan sülh danışıqlarında səmimi olduğunu sübut etmək üçün qeyd etdiyim kimi ilk növbədə silahlı qüvvələri ərazilərimizdən çıxarmalı, kommunikasiya əlaqələrinin bərpası ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, sərhədlərin delimitasiya və demorkasiyasına başlamalı və ən əsası Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Nə qədər ki, bunlar baş verməyib, demək ki, Ermənistan sülhə hazır deyil və onların bəyanatları sadəcə vaxt qazanmağa və beynəlxalq rəyi çaşdırmağa hesablanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB