" Moskva bəyannaməsi Ukrayna-Azərbaycan əlaqələrinə heç bir halda xələl gətirə bilməz" AÇIQLAMA
"İmzalanmış Moskva Bəyannaməsinə baxdıqda görürük ki, müəyyən olunmuş əməkdaşlığın əsas prinsipləri və strateji sahələri özündə qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamağı, güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqliyi, milli maraqların aliliyini, beynəlxalq münasibətlərin qəbul olunmuş norma və qaydalara riayət edilməsini, Qafqaz və Xəzər regionlarında sabitlik naminə əməkdaşlığı, tərəflərin təhlükəsizlik maraqlarının qorunmasını, maliyyə institutları arasında əməkdaşlığı, tranzit-nəqliyyat fəaliyyətinin potensialının inkişafını, atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığı, eləcə də aqrar-sənaye kompleksi sahəsində, səhiyyə sahəsində və humanitar sahədə əməkdaşlığı ehtiva edir". Bu sözləri SİA-ya açıqlamasında Politoloq Rəşad Bayramov bildirib.
Politoloq Rəşad Bayramov bildirib ki, başqa sözlə imzalanmış sənəd heç bir halda Rusiyaya bu və digər formada üstünlük vermir, Azərbaycan ərazisində Rusiya üçün heç bir imtiyazları, güzəştləri ehtiva etmir və dolayısıyla Azərbaycanın əleyhinə hər hansı bir məsələni də özündə ehtiva etmir: " Moskva Bəyannaməsi daha çox indiyə qədər Rusiya ilə imzalanmış müqavilələrində, daha konkret desək dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilədə, dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamədə və Rusiya Federasiyasının Prezidenti ilə Azərbaycan Respublikasının Prezidentinin 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanatında nəzərdə tutulmuş məsələlərin ümumiləşdirilmiş formasıdır.
Bir neçə gün ərzində Moskva Bəyannaməsi ilə çoxlu fikirlərin deyildiyini nəzərə alaraq mən konkret olaraq insanımızı narahat edən bir neçə məqamın qzərində dayanmaq istəyirəm. Çox təəssüf ki, bəzi maraqlı şəxslər Bəyannamənin mahiyyətini dərk etməyərək onun Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyinə xələl gətirən addım olması ilə bağlı iddialar irəli sürürlər. Bu kimi iddialar sənədin mahiyyətini dərk etməmək və yaxud qərəzli şəkildə onun haqqında yanlış rəy formalaşdırmaq cəhdinin nəticəsidir. Əksinə, imzalanmış Bəyannamə Azərbaycanı daha da gücləndirir və təhlükələrdən sığortalayır. Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər iki bəyannamə bu məqsədə xidmət edir".
Rəşad Bayramov sözlərinə əlavə edərək qeyd edib ki, digər yanlış bir təəssürat imzalanmış Bəyannamənin Ukrayna ilə münasibətlərimizə xələl gətirəcəyi ilə bağlıdır: "Bu da kökündən yanlışdır. Belə ki, Bəyannamədə də göstərildiyi kimi rəsmi Bakı və ya rəsmi Moskva digər ölkələrlə münasibətlərində sərbəstdirlər və imzalanmış sənəd Ukrayna-Azərbaycan əlaqələrinə heç bir halda xələl gətirə bilməz. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bu barədə mövqeyi tam aydındır. Azərbaycan heç vaxt özünün üçüncü ölkələrə qarşı istifadə olunmasına imkan verməyib. Prezident İlham Əliyevin Ukraynaya 14 yanvar 2022-ci il tarixli səfəri zamanı bu mövqe bir daha ifadə olunub. Onu da xüsusi olaraq qeyd edim ki, Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi və Rusiya ilə imzalanmış Moskva bəyannaməsi arasında çox ciddi fərqlər də mövcuddur və bunu da insanımız bilməlidir. Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Bəyannamə, Rusiya ilə imzalanmış sənəd isə “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamədir. Türkiyə ilə imzalanmış sənəddə bir çox məsələlər Rusiya ilə imzalanmış sənəddə əksini tapsa da Şuşa bəyannaməsinə görə Azərbaycan və Türkiyə xarici siyasət məsələlərini koordinasiya edirlər, bir birinə bütün sahələrdə, o cümlədən də hərbi sahədə yardım göstərirlər. Rusiya ilə imzalanmış bəyannamədə isə bu cür müddəalar yoxdur. Odur ki, Moskva Bəyannaməsinin Şuşa bəyannaməsi ilə eyni olması ilə bağlı aparılan təbliğat da kökündən yanlışdır və yolverilməzdir".
Qönçə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB