"Moskva Bəyannaməsi" "Şuşa Bəyannaməsi"nin davamıdır - AÇIQLAMA

Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalandı". Bu sözləri SİA-ya açıqlamasında Politoloq Anar Əliyev deyib.

Politoloq bildirib ki, Qərb dövlətlərinin ölkəmizdəki uzantılarının iddialarının əksinə, Bəyannamədə Azərbaycanı əsarətə, Rusiya vassallığına aparacaq nəinki bir bənd, tək bir ifadə belə yer almayıb: "Əksinə, Bəyannamə başdan-başa Azərbaycan maraqlarının qorunmasına, sərhədlərimizin və ərazi bütövlüyümüzün toxunulmazlığına, dövlət suverenliyimizə kənar müdaxilələrin qarşısının alınmasına, siyasi, iqtisadi, diplomatik, ticari, mədəni əlaqələrin yüksəldilməsinə xidmət edir. İlk oxunuşda sənəd demək olar Azərbaycan maraqlarının qorunmasına xidmət edən və bu xidməti rəsmiləşdirən akt təəssüratı yaradır. Azərbaycan maraqlarının təmini baxımından "Moskva Bəyannaməsi"ni "Şuşa Bəyannaməsi"nin davamı adlandıra bilərəm".

Anar Əliyev sözlərinə əlavə edərək bildirib ki, bu qaçhaqaçda Azərbaycan maraqlarının təmininə xidmət edən Bəyannamənin imzalanmasında Kremlin, daha konkret Putinin marağı nədir? Hesab edirəm, ağıllı və praqmatik siyasətçi olan Putin və dövləti bu Bəyanatdan böyük çıxarlar əldə edəcək: "Postsovet respublikalarının Rusiyanın yanında yer aldığını, müttəfiq olduqlarını dünyaya nümayiş etdirir. Qonşu dövlətlətə, xüsusilə keçmiş sovet respublikalarına "özünüzü adekvat aparsanız, Qərb dairələrinin oyununda alət olmasanız sizi də Azərbaycana göstərdiyimiz münasibət və belə bir perspektiv gözləyir", mesajını çatdırır. Qərb meyilli cəmiyyətlərə iki real seçim nümayiş etdirir".

Politoloq qeyd edib ki, siyasət həm də dəyərlər və maraqlar balansının qorunması bacarığıdır: "Balansı qoruya bilməyəndə bunlardan birini itirmək zorunda qalırsan. 90-cı illərdə, yaxın keçmişimizdə səriştəsiz liderin dəyər və maraqlar sistemini anlamamasının ağır nəticələrini dövlət və xalq olaraq ödəməli olduq. Təəssüf ki, bizim müstəqilliyin ilk ollərində buraxdığımız səhvləri 2008-ci ildə qonşu Gürcüstan, 2014 və 2022-ci illərdə dost Ukrayna dövləti təkrar etdi. Nəticə göz qabağındadır. Baş verən hadisələr bir fikri daha da möhkəmləndirdi: ABŞ-a güvənib Rusiya ilə oynamaq olmaz. Rusiya nə qədər aqressiv və təhlükəli dövlətdirsə, ABŞ və müttəfiqləri bir o qədər qorxaq, qətiyyətsiz və etibarsız tərəfdaşlardır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə