Moskva Bəyannaməsi Azərbaycan və Rusiya üçün yeni mərhələdir - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycanın geopolitik, geoiqtisadi siyasətində həmişə milli maraqlar və təhlükəsizliyimiz üstün olub. Bunu biz dünən imzalanan Moskva Bəyannaməsində də gördük. Rusiya Azərbaycan üçün və Azərbaycan da Rusiya üçün strateji tərəfdaşdır və bizim bütün sahələrdə münasibətlərimiz inkişafdadır. Təbiidir ki, bu münasibətlərin inkişaf tempini nəzərə alaraq iki prezident tez-tez görüşərək fikirlərini bir-birlərinə bildirirlər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, bu saziş Azərbaycan və Rusiya üçün yeni bir mərəhələdir: “Azərbaycanın xarici siyasəti müstəqil bir dövlətin siyasətidir. Bugünkü gün bir çox ölkələr əziyyət çəkərkən, cənab Prezident İlham Əliyevin siyasəti onu təsdiqləyir ki, Azərbayacan üçün xüsusi bir yol açılır. Münasibətlərimiz tək Rusiya ilə yox, Ermənistan istisna olmaqla bütün dövlətlərlə normaldır. Biz heç bir hərbi bloka qoşulmayan dövlətik və Qoşulmama Hərəkatının ən aktiv üzvlərindən biriyik. Həmçinin, Prezidentimizin də siyasətdə öz dəsti-xətti var”.
Deputat sözlərinə belə davam edib: “Qeyd etmək istəyirəm ki, biz Rusiya ilə münasibətlərimizi daha da inkişaf etdirməklə onu Azərbaycan və Ermənistan arasındakı problemin tam həllinə dəvət edirik. Bu saziş də bizə bu formatda gedən danışıqların sona qədər çatmasına kömək edəcək. Biz bütün ölkələrlə diplomatik, sülhməramlı əlaqələr saxlayır və bu əlaqələri inkişaf etdiririk. Rusiya ilə yanaşı, Gürcüstanın da, Ukraynanın da suverenliyini dəstəkləyirik. Bir sözlə, bütün dövlətlərlə dil tapırıq. Lakin, bizim üçün ən əhəmiyyətlisi milli maraqlarımızdır.
Rusiya ilə münasibətlərimizlə bağlı böyük planlarımız, birgə layihələrimiz var. Bizim üçün Azərbaycanda istehsal edilən kənd təsərrüfatı və qida məhsulları malları üçün Rusiya böyük bir bazardır. Amalımız sülhsevər yönümlüdür, biz Rusiyada yaşayan azərbaycanlıların problemlərinin olmamasını, orada olan tələbələrimizin rahat şəkildə təhsil alması və geri dönməsini istəyirik. Həmçinin, biz beynəlxalq qanunları nəzərə alıb öz siyasətimizi həyata keçirməliyik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB