"Avropa dairələrinin marağı regionda təmsil olunmaqdır" AÇIQLAMA

Fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib. Görüşlə bağlı siyasi şərhçi İlqar Vəlizadə SİA-ya açıqlama verib.

İlqar Vəlizadə bildirib ki, üçtərəfli görüş Fransanın və Avropa ittifaqının vasitəçiliyi ilə baş tutub: "Bu da ondan xəbər verir ki, hər iki tərəf Azərbaycanla region iştirakçıları ilə konstruktiv münasibət qurmaq niyyətindədir. Eyni zamanda, öz maraqlarını ifadə edirlər. Yəni, post münaqişə dönəmində öz maraqlarını təmin etmək niyyətindədirlər. Qeyd etmək lazımdır ki, münaqişədən sonra regionda daha fəal və daha məhsuldar moderatorluğu Rusiya tərəfi edir. Yəni, Rusiyanın vasitəçiliyi ilə bir neçə görüş keçirilib. Görüş əsnasında vacib qərarlar verilib. Bu da müəyyən Avropa dairələri qıcıqlandırır. Onların da nüfuzu və marağı regionda təmsil olunsun. Ona görə də, xüsusilə, Fransa bu cür təşəbbüslə çıxış edirlər. Bizim üçün əsas məsələ ondan ibarətdir ki, bu vasitəçilik konkret nəticələr versin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tamamilə bərqərar olmasına gətirib çıxarsın. Keçirilən görüşləri məhsuldar hesab edirəm. Burada çox vacib məsələlər qaldırıldı. Eyni zamanda, bu görüşdə köhnə gündəlikdən heç nə yoxdur. Minsk qrupunun fəaliyyəti ilə bağlı nəticə bəyanatında ifadə yox idi. Qarabağ münaqişəsi termini işlədilməyib. Bu da ondan xəbər verir ki, tərəflər yeni reallıqları qəbul edərək, yeni gündəliyi müəyyən etməyə çalışırlar. Görüş əsnasında kommunikasiyaların açılması ilə bağlı delitimasiya və demarkasiya ilə bağlı fikir mübadiləsi aparılsın. Aparılan fikir mübadiləsi onu deməyə imkan yaradır ki, bu istiqamətdə işlər aparılacaq. Artıq Ermənistan tərəfi yaxın müddətdə dəmir yolunun inşasına başlayacaq. Bu dəmir yolunun inşası ilə bağlı konkret addımlar atılacaq. Bu isə Zəngəzur dəhlizi layihəsinin reallaşmasına imkanlar yaradacaq. Digər tərəfdən, Avropa vasitəçiliyi ilə erməni tərəf sülh sazişinin ərsəyə gəlməsində daha müsbət münasibət bəsləyəcək".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə