Gənclik cəmiyyətin aparıcı qüvvəsidir - FORUMDAN REPORTAJ

Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Gənclik eyni zamanda hər zaman axtarışda olan və yeniliyi sevən qüvvədir. Bu gün Azərbaycan gəncləri vətənpərvər ruhda, sağlam düşüncədə yetişməkdə davam edir. Gənclərimiz vətənə xidmət etməyi özlərinə vəzifə və ən ali borc bilirlər. Yetişən vətənpərvər gənclik torpaqlarımızı işğaldan azad olunmasında Vətən savaşında xüsusi rol oynadılar. Gəncliyimiz düşmənlərə həm arxa cəbhədə, həmdə ön cəbhədə layiqincə cavab verərək onları susdurdular. Bu qələbə dövlətimizin apardığı gənclər siyasətinin mıntiqi nəticəsidir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezidentimiz İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilən gəncliyin inkişafına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmiz gənclərə böyük inam bəsləyir və gənclərin problemlərinin həll olunmasına böyük önəm verir. Dövlətimizin əsas missiyası etibarlı gələcək nəsilin formalaşmasıdır. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər.

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri gününün 25 illiyinə həsr olunmuş Gənclər forumu keçirilib. Bu isə dövlətin Azərbaycan gəncliyinə qayğısının göstəricisidir. Forumda Prezident İlham Əliyev iştirak edib və gənclərlə görüş keçirib. Eyni zamanda Prezident gənclər tərəfindən ünvanlanan sualları cavabsız qoymayıb. Prezident İlham Əliyevin görüşündən sonra Gənclər panel müzakirələrdə iştirak ediblər. Forum zamanı gənclərin fikirlərini öyrəndik:

Cavadzadə Sabrina, Bakı Xaraqrafiya Akademiyasının 3 kurs tələbəsi, eyni zamanda gənclər mükafatçısı: “ Bu gün bu tədbirə Prezidentimizlə görüşmək üçün yığışmışıq. Mən ilk dəfə idi ki, Prezidentin gənclərlə görüşündə iştirak edirəm. Çox qürur hissi keçirdim, bir az da həyacan var idi. Prezident İlham Əliyevin gənclərlə səmimi və xoş söhbəti oldu. Prezidentimizə suallarımızı ünvanlandıq. Prezident İlham Əliyevin gənclərə diqqəti qayğısı bu gün bir daha özünü biruzə verdi. Müasir Azərbaycan gənci 44 günlük müharibənin qalibi kimi özünü göstərdi. Bizim gənclərimiz həm cəbhədə böyük bir əzm göstərdi, həm də sosial şəbəkələrdə, informasiya məkanında Azərbaycanı layiqincə təmsil etdi”.

Emil Aslanlı, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvü, eyni zamanda Bakı Ali Neft Məktəbinin əməkdaşı: “ Prezidentimiz tərəfindən həyata keçirilən gənclər siyasətinin gücüdür ki, bu gün Azərbaycanda milli vətənpərvər gənclər yetişir. Gənclərin Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə dəstəyi bu gün göz qabağındadır. Vətən müharibəsi zamanı Azərbaycan gənclərinin öz canlarından keçməsi və irəli atılaraq Azərbaycan torpaqlarını işğaldan azad etməsi də dövlətin gənclərə etimadının bariz nümunəsidir. Ümumiyyətlə, Cənab Prezidentin gənclərlə olan görüşlərindəki tövsiyyələri Azərbaycan gəncləri üçün prioritet istiqamət olmalıdır. Burada Cənab Prezident təhsilə önəmi vurğuladı, eyni zamanda yeni çağırışlara cavab verən gəncliyin yetişməsi üçün tövsiyyələri oldu. Bundan başqa gənclərin intellektual səviyyədə inkişafı və asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərdən uzaq durmaq və idmanla daim məşğul olmaqla bağlı Cənab Prezidentin gənclərə tövsiyyələri oldu”.

Azər Əliyev, Gənclər Təşkilatları Milli Şurasının sədri, gənclər üzrə prezident mükafatçısı: “ İlk öncə onu xüsusuilə vurğulamaq istərdim ki, bu formatda keçirilən görüş kifayət qədər təqdirəlayiqdir. Çünki siz də müşahidə etdiniz ki, onlarla gəncin sualı birbaşa Prezidentimiz tərəfindən cavablandırıldı. Bu cavablar sırf Cənab Prezidentin zəngin təcrübəsinə söykənərək dediyi fikirlər idi. Bu cavablar gənclərimiz üçün yol xəritəsi oldu. Müəyyən mənada gənclərimizin fikirləri aydınlandı. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətin gənclər siyasətinin layiqli davamçısı Azərbaycan Prezidenti, gənclərin dostu Cənab İlham Əliyevdir. Bu gün bütün gənclərimiz dövlətimizin diqqət və qayğısı ilə əhatə olunubdur. Tam səmimi qeyd edim ki, belə bir mükafatı alacağımı heç vaxt düşünməzdim. Çox qürurluyam və sevincliyəm ki, Cənab Prezident tərəfindən Gənclər mükafatına layiq görülmüşəm. Mükafatın birbaşa Prezident tərəfindən təqdim olunması böyük bir qürurdur”.

Ağarza Elçinoğlu Həsənquliyev, Bakı Dövlət Universitetinin IV kurs tələbəsi: “Ulu öndər Heydər Əliyev tərəfindən təsis edilən Gənclər Günü bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Gənclər gününün 25-ci ilini qeyd etdik. Prezidentimiz bu gün üçün gənclər arasında forum təşkil etdi. Prezident İlham Əliyev gənclərə imkan yaratdı ki, özləri Ona suallar ünvanlasın. Prezidentimiz gənclərə tövsiyyə verdi və gənclərin fikirlərini dinlədi. Azərbaycan gəncliyi bu gün 44 günlük Vətən müharibəsində qalibiyyətin əldə olunmasında xüsusi rol oynayıblar. Gəncliyimiz nəinki ön cəbhədə həm də arxa cəbhədə də müstəsna rol oynayıblar.

Azər Abdullazadə, Vətən müharibəsi qəhrəmanı: “Cənab Prezidentin gənclərlə görüşündə ilk öncə tövsiyyələri bundan ibarət oldu ki, gənclər daim vətənpərvər ruhda olmalıdır. Prezidentimizin uğurla davam etdirdiyi gənclər siyasətinə Vətən müharibəsində bir daha şahidi olduq. Azərbaycan gəncliyinin nə qədər könüllü və cəsur olduğu bir daha sübut olundu. Mən də Azərbaycan gənci olaraq fəxr edirəm ki, 44 günlük vətən müharibəsində iştirak etmişəm. Cənab Prezident daim gənclərin yanındadır. Bu cür tədbirlər ardıcıl olaraq davam etdirilməlidir. Cənab Prezident gənclərə həmişə diqqət və qayğı göstərir. Eyni zamanda gənclərin problemlərinin həll olunması üçün çalışır”.

Müzakirələrdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin baş məsləhətçisi Soltan Hacıyev, Milli Məclisin deputatı Tural Gəncəliyev, Medianın İnkişafı Agentliyinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Vasif Dilavərzadə, iş adamı Nadir Novruzi və tanınmış alpinist İsrafil Aşırlı gənclərə həyat hekayələrindən və təcrübələrindən danışıb, onlara hər zaman mətin olmağı tövsiyə ediblər.

Milli Məclisin deputatı, “Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural GəncəliyevSİA-ya fikirlərini bildirdi: “Ümummili liderimiz Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Azərbaycan dövlətini gücləndirən və gələcəyə aparan gənclər siyasətinin əsasını qoyması və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın müasir gəncliyinin yetişməsinə gətirib çıxardı. Bunun sayəsində güclü orduya sahibik. Yetişən yeni gənclik torpaqlarımızı əzmlə işğaldan azad etdi. Gənclərə tövsiyyəmiz budur ki, Onlar daim vətənpərvər ruhda olsunlar və öz tarixlərinə, mədəniyyətlərinə, köklərinə bağlı qalsınlar”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə