Biz öz haqqımız uğrunda mübarizəyə hazırıq - POLİTOLOQ ŞƏRH ETDİ
"Biz bir şeyi həmişə diqqətdə saxlamalıyıq ki, 44 günlük müharibənin nəticələri bizim milli maraqlarımızın təmin olunmasına şərait yaratdı. Çünki Azərbaycan işğala məruz qalmış ölkə idi və bizim bu uzun sürən qarşıdurmada təbii haqqımız artıq diqqətdən kənarda qalmışdı. Ona görə də Azərbaycan bütün dünya qarşısında göstərdi ki, biz öz haqqımız uğrunda mübarizəyə hazırıq, biz ədalətə qarşı getmirik və dünya qanunvericiliyin tələblərindən irəli gələn bütün prosesləri nəzərdə saxlayaraq Qafqazda həm təhlükəsizliyin keşiyində dura bilirik, həm də ki, problemlərin yaranmasına imkan yaratmamaqda israrlıyıq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, təbii ki, bu ola bilsin dünyanın hansısa bir bölgələrində qeyri adekvat bir tərzdə qəbul olunmuş yanaşma idi: "Ancaq hal-hazırda biz görürük ki, dünya birliyi də bizim haqlı mübarizəmizdə artıq qələbəmizi tanıyır və bildirir ki, Azərbaycan Ermənistana heç bir təhdid törətməyib. Əksinə, Ermənistan bizə ərazi iddiaları irəli sürüb, torpaqlarımızda dağıdıcılıqla məşğul olub, işğal dövründə abidələrimizi, mədəni-tarixi irsimizi məhv edib. Ona görə də biz həm də müharibənin gedişatı zamanı göstərdik ki, əgər Ermənistan silahı yerə qoysaydı bəlkə də 44 gün yox 30-35-25 günə artıq istədiyimizə nail olacaqdıq. Hər halda 3 rayonumuz bizə qaytarıldı. Bəli, biz sülhə köklənmiş millətik. Mən deyərdim ki, bizim qələbəmiz regionda yeni bir əməkdaşlıq təməli yaradıb və bu ondan ibarətdir ki, biz müxtəlif formatlarda qonşularımızla həmahəng hərəkət etməyə hazırıq ki, imkanlarımız artsın, inkişafımız təmin olunsun, insanların rifahı da yüksəlsin".
Tofiq Abbasov sözlərinə belə davam edib: "Altılıq platforması yəni, əməkdaşlıq formatı məhz 44 günlük zəfərdən sonra meydana gəldi. Onun müəllifi Prezident İlham Əliyevdir və eləcə də ilk yanaşmanı təqdir edən də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oldu. Biz bütün dünyaya göstərdik ki, yəni, bölgəmizdə sülhün, əmin-amanlığın bazasının güclənməsində israrlıyıq. Təsadüfi deyil ki, əksər ölkələr bu platformadan razılıq edirlər, ona qatılmağı istəyirlər. Ancaq Ermənistan yenə də bu proseslərdə ləng tərpənir. Onsuz da Ermənistan bu proseslərə qatılsa da qatılmasa da biz öz nəcib niyyətlərimizdən əl çəkməyəcəyik, qonşularımızla həmahəng çalışacağıq".
Təbii ki, ölkənin müqəddəratı, onun sabitliyi, inkişafı bizim marağımızdadır. Bu bölgədə yaşayan ölkələrin, xalqların marağındadır. Ona görə də biz çalışırıq ən yaxın qonşularımızla, tərəfdaşlarımızla məhz quruculuq işlərində həm fəal olaq, həm də ki, gündən-günə əmin-amanlıq potensialının artmasına nail olaq. Yəni, bu işlərdə həmişə əgər ehtiyatlar varsa onlar aşırı olmur. Çünki ehtiyatlar varsa onlar insanlara əminlik gətirir və onlar geriyə baxmadan bilavasitə sürətlə inkişafa meyllənirlər, köklənirlər və çalışırlar ki, məsəl üçün o faydalılıq əmsalını artırsınlar. Düzdür, dünya birliyi bizim işğal dövründə bizi çalışırdılar inandırsınlar ki, problemin hərbi həlli yoxdur. Bu çox yanlış fikir idi. Çünki fövqəl qüvvələrin özləri dünyanın müxtəlif yerlərində məhz öz məkrli planlarını yerinə yetirməkdən ötrü güc vasitəsindən istifadə edirdilər. Bəs necə olur ki, biz haqlı, ədalətli işimizdə gücdən gərək imtina edərdik? Xüsusilə də biz görürdük ki, Ermənistan sülh prosesinə heç ümumiyyətlə məhəl qoymur, özünü çox yekəxana və qalib kimi aparır. Ona görə də biz bu proseslərin qarşısını aldıq və göstərdik ki, bəli gücümüz də, qətiyyətimiz də var, silah-sursatdan da istifadə etməyə məharətimiz var. Biz ədalətli mübarizəmizdə qalib gəldik. Nəhayət bu 44 günlük müharibə bizə nəyi verir? Bu o məsələni göstərir ki, əgər münaqişəli vəziyyətlər varsa, onlarla bilavasitə mübarizə aparmaq lazımdır, onlarla işləmək lazımdır ki, onlar aradan qaldırılsın. Bu qaynar nöqtələr heç kəsə xeyir gətirmir. Əksinə fitnə-fəsadla məşğul olan qüvvələrə xeyir gətirir və əgər bölgəmizdə belə bir təhlükə ocaqları varsa, onların qarşısı alınmalıdır, onları biz gərək neytrallaşdıraq. 44 günlük müharibə zamanı biz bunu etdik. Çünki dünyada indiki nizam çox kövrəkdir. Çoxlu sayda münaqişələr, qaynar nöqtələr var və sirr deyil ki, şər qüvvələr onlarla səfərbər olurlar ki, o proseslərdən özlərinin xeyrini götürsünlər. Ancaq bunun bir görünməyən tərəfi var. O da ondan ibarətdir ki, istənilən qaynar nöqtədə baş verən proseslər elə bir tərzə gəlib çıxa bilər, orada elə bir fəvvarə qalxa bilər ki, onun qarşısı alınmaz və hətta qlobal bir müharibə başlaya bilər. Ona görə də birdəfəlik və bir aktlıq mübarizə yoxdur. Əgər çoxsaylı münaqişə ocaqları varsa onları addım-addım, hissə-hissə, aram-aram aradan qaldırmaq lazımdır və bu 44 günlük müharibəmizdə biz məhz bu təhlükəli ocaqlardan birinin odunu söndürdük ədalətimizi bərpa etdik və dünyaya bir daha göstəririk ki, biz sülhə, əmin-amanlığa və tərəfdaşlığa hazır bir xalq və məmləkətik".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB