Rusiya Ukraynaya qarşı təzyiqləri gücləndirəcək - HƏRBİ EKSPERT MÖVQE BİLDİRDİ

"Ümumiyyətlə, Ukrayna və Rusiya arasında əlaqələri təhlil etdikdə, niyə vəziyyətin hərbi müdaxilə səviyyəsinə gəlib-çıxdığını anlamaq olar. Ümumiyyətlə, bu prosesdə bir tərəfin mövqeyindən çıxış etmək doğru deyil. Məsələ burasındadır ki, Ukrayna hər zaman Rusiyanın da yer aldığı təhlükəsizlik məkanının tərkib hissəsi olub. Hətta deyərdim ki, bir dövrlər isə ön cəbhə olub. 2013-cü ildə baş verən hadisələrdən sonra Ukrayna qərbə inteqrasiya etməyə başladı və Ukrayna NATO ilə sıx əməkdaşlıq formalaşdırdı. Bugün Ukrayna ərazisində qeyri-rəsmi olaraq Amerikanın, dolayısı ilə həm də NATO-nun bu və ya digər formada geniştərkibli hərbi nümayəndələri fəaliyyət göstərir. Ukrayna ordusunun hərbi təchizatı artıq bütünlüklə Qərbdən müəyyənləşdirilir. Həmçinin, Ukraynanın təhlükəsizliyinin təmin olunması istiqamətində qərarlar rəsmi Vaşinqtondan verilir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Hərbi ekspert qeyd edib ki, belə olan halda digər tərəfin, yəni Rusiyanın bu vəziyyət qıcıqlanmasına səbəb olur. Biz neytral olaraq baxdıqda burada Rusiyanın mövqeyini qəbul edə bilərik. Məsələ burasındadır ki, əlbəttə ki, Rusiya heç bir halda paytaxtın 500-700 kilometr məsafəsində Amerikaya aid taktiki raket komplekslərinin yerləşdirilməsinə razı ola bilməz. Rusiyanın təzyiqi də məhz bununla bağlıdır. Buna bənzər vəziyyət baltikyanı ərazidə də baş vermişdi. Sonradan bu proses dayandırıldı. Yəni Ruiyanın təzyiqinin, hədə-qorxularının əsas səbəbi Ukrayna ərazisində ABŞ-a, Qərbə, NATO-ya aid hərbi birləşmələrin, yəni taktiki raket komplekslərinin, hava hücumlarından müdafiə sistemlərinin, radioelektron mübarizə sistemlərinin dislokasiya olunmasıdır. Öz ölkəsinin təhlükəsizliyini düşünən Rusiya üçün bu məsələ qırmızı xətt və strateji məqamdır. ABŞ da Ukraynanın qərbyönümlü siyasətindən istifadə edərək Rusiyaya təzyiqləri artırır.

Ramil Məmmədli bu barədə fikirlərini belə izah edib: "Mən hesab edirəm ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi real görünmür. Mən düşünmürəm ki, Rusiya Ukraynaya hərbi müdaxilə etsin. Genişmiqyaslı hərbi əməliyyatlar olmasa da Rusiya Ukraynaya qarşı təzyiqləri gücləndirəcək. Nəticədə, Ukrayna üçün çətin dövr olacaq. Çünki Ukrayna bir istiqamətdən digərinə keçibsə, bu onun keçid dövrüdür və keçid dövrünü o çox çətin yaşayacaq. Hazırda itirən hələ ki Ukrayna xalqıdır. Proseslər belə davam edərsə, daxildə gərginliyin olması mümkündür. Məhz Rusiyanın yararlana biləcəyi məqam Ukraynanın daxilində yarana biləcək gərginlikdir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə