Bu, beynəlxalq hüquq pozuntusu kimi qiymətləndirilməlidir - DEPUTAT ŞƏRH ETDİ

“Fransada prezidentliyə Sağ Mərkəzçi Respublikaçılar partiyasından namizəd Valeri Perkesin keçən ilin 22 dekabr tarixində Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfəri təxribatçı addımdır və beynəlxalq hüquqa tamamilə ziddir. Bu beynəlxalq hüquq pozuntusu kimi qiymətləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bu hadisə ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev də çox prinsipial, qətiyyətli və sərt mövqeyini ifadə edib: “Cənab Prezident qeyd edib ki, Perkesin bu addımı təxribatçı addımdır və qarşıdan gələn prezident seçkilərində erməni seçicilərin səsini qazanmaq məqsədi güdür. Birbaşa Fransa prezidenti Makrona qarşı yönəlmişdir”.

Deputat sözlərinə belə davam edib: “Azərbaycan Prezidentinin bu mövqeyi nəticəsində Valeri Perkes növbəti sayıqlamağa imza atıb və əslində öz sayıqlaması ilə özü-özünü ifşa edib. Çıxışında qeyd edib ki, onun bu səfəri etməkdə məqsədi şərq ölkələrində xristianları qorumaqdır. Bu konteksdə ermənilərə xüsusi münasibəti var. Yəni, açıq-aşkar ermənipərəst siyasətini növbəti dəfə ortalığa qoyub. Bu hadisə Azərbaycanda da ictimaiyyət arasında çox ciddi və sərt reaksiyaya səbəb oldu.

Artıq yanvar ayının 18-də Azərbaycanda fəaliyyət göstərən QHT-lər Fransa prezidenti Makrona açıq məktubla müraciət ediblər. Həmin məktubda Perkesin Xankəndinə səfəri məsuliyyətsiz addım kimi qiymətləndirilib. Bu hərəkət kəskin şəkildə pislənilib”.

“Onu da qeyd edim ki, Perkesin bu qeyri-qanuni hərəkəti Fransanın özündə də birmənalı qarşılanmayıb. Belə ki, Fransa Milli Assambleyası Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber bəyanat imzalayıb. Bu bəyanatda Perkesin Qarabağ bölgəsinə səfəri təxribatçı addım kimi qiymətləndirilib. Eyni zamanda vurğulanıb ki, Azərbaycanda xristian əhalisi sülh və əmin-amanlıq şəraitində yaşayırlar və Roma Papasının Azərbaycana səfərləri də bu həqiqəti bir daha təstiqləyib”.

“Qeyd edim ki, belə addımlar nəticə etibarilə heç bir halda regionda sülh və əmin-amanlığa xidmət etmir. Əksinə regionda qarşıdurma mühitinin formalaşması mənafeyinə xidmət edir. Elə bu arada məlum olub ki, Fransanın Fransanın Avropa və xarici işlər üzrə naziri yanvar ayının 18-də Fransanın Milli Assambleyasında məsuliyyətsiz bir açıqlama verib. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Valeri Perkesin Qarabağa qanunsuz səfəri ilə bağlı söylədiyi fikirlərə forma və mahiyyət etibarilə qəbuledilməz fikir kimi qiymət verib. Bu bir daha onu təstiqləyir ki, bu günləri Fransada müəyyən siyasi dairələr heç bir halda post-müharibə dövrünün reallıqlarını qəbul etmək istəmir. İlk növbədə bütün addımları ona yönəlib ki, qarşıdan gələn prezident seçkilərində erməni seçicilərinin səslərini qazansınlar. Bu səsləri qazanmaq naminə hətta Azərbaycan və Fransa arasındakı münasibətlərin gərginləşməsinə qədər istənilən addım atmağa hazırdılar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...