Hər verdiyimiz şəhid müqəddəs bir ruhdur - POLİTOLOQ ŞƏRH ETDİ

“20 Yanvar hadisələri əlbəttə ki, bizim yeni tariximixin ən əlamətdar, ən vacib, ən faciəvi və eyni zamanda da qəhrəmanlığımızı əks etdirən səhifələrindən biridir. Çünki Azərbaycan xalqı ömür boyu həqiqətin, milli-mənəvi dəyərlərin keşiyində durub və eləcə də bütün proseslərdə, bütün qonşu xalqlarla, toplumlarla münasibətlərdə həmişə çalışıb başqalarının dəyərlərinə, maraqlarına hörmətlə yanaşsın. Ancaq bəzən belə də olur ki, belə yanaşmanı digərləri zəiflik kimi qəbul edirlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, ötən əsrin sonunda 80-ci illərin axırında 90-cı illərin əvvəllərində Azərbaycan Sovet İttifaqının tərkibində hələ var idi: “O zaman artıq mərkəzi hökumət Moskvada sözün əsl mənasında büdrəmişdi və çaşqın siyasi kurs həyata keçirilirdi. İlk növbədə sovet ideologiyası artıq yeni tələblərə cavab vermirdi. Qondarma proletar beynəlmiləlçilik, xalqlar dostluğu bu kimi şüarlar, tələblər, qayələr artıq öz mahiyyətini itirmişdi. Əslində biz geri dönsək görərik ki, ona qədər də bu prinsiplərin qüvvəsi süni surətdə qüvvədə saxlanılırdı, insanları qorxu ilə, repressiyalarla hədələyərək onları güclə bu dəyərlərə, ideologiyalara inandırmağa çalışırdılar. Ancaq Qorbaçovun dövründə insanların şüuru, beyni, dili açılmışdı. Düzdür, bunu Qorbaçovun guya islahatlarının tərkib hissəsi kimi qələmə verirdilər. Guya o gəlməsəydi insanlar aşkar danışmayacaqdılar, sərbəst olmayacaqdılar və s. Əslində bu zamanın tələbi idi və Sovet İttifaqı özü də anlayırdı ki, köhnə üsulla, köhnə normalarla, köhnə ənənələrlə irəli getmək olmayacaq və belə olduğu halda artıq erməni millətçiliyi, erməni faşizmi və terrorizmi hamısı birlikdə bir simyoza çevrilərək Azərbaycan xalqına təhdid törətməyə başladılar. Bunu görən mərkəz əlini ağdan qaraya vurmadı ki, azğın qüvvəni yerinə oturtsun. Əksinə onlar Azərbaycana qarşı təcavüz törətdilər, Sovet ordusu öz xalqına qarşı silah işlətdi və bu sözün əsl mənasında bizim xalqımızın qəhrəmanlıq tarixinin ən önəmli məqamlarından biridir ki, ondan sonra artıq biz öz suveren hüquqlarımızı reallaşdırmağa başladıq, onlar üzərində mübarizəyə başladıq və nəhayət biraz keçdikdən sonra öz müstəqilliyimizi bərpa etdik”.

Tofiq Abbasov sözlərinə belə davam edib: “Əlbəttə bu hadisə həm də imperiyanın zəifliyinin təzahürü idi. Çünki bir halda ki, ordu öz xalqına qarşı zorakılıq işlədir, silah-sursatı işə salır bunlar ondan xəbər verir ki, o orduya rəhbərlik edən siyasi qüvvə artıq o bütün dəyərləri ayaq altına qoyaraq nə etdiyini özü anlamırdı. Ancaq Azərbaycan xalqının əzmi, qətiyyəti var idi və biz göstərdik ki, bizi silah-sursatla hədələmək, qorxutmaq olmaz. Nəhayət biz öz müstəqilliyimizi bərpa etdikdən sonra az keçmədi Milli Liderimiz gəldi Azərbaycan xalqının müasir dönəmdəki dövlətinin quruculuq işinə başladı”.

”20 Yanvarda mən həm də xüsusilə Heydər Əliyevin Moskvadakı mətbuat konfransını vurğulamaq istəyirəm. Bu çox böyük bir vətəndaşlıq şücaəti idi və artıq təqaüddə olan bir insan böyük mütəfəkkir, böyük siyasətçi bu prosesdən kənarda dayana bilərdi. Ancaq o dayanmadı və bu onun nə dərəcədə yüksək mənəvi dəyərlərə malik olmasının göstəricisidir. O öz xalqının dərdinə şərik oldu, öz xalqı ilə birlikdə mübarizliyə qalxdı. Bəli, bu sözün əsl mənasında mübarizənin çox qətiyyətli bir addımı idi ki, Moskvada, yəni, imperiyanın paytaxtında o imperiyanın, o rusun törətdiyi biabırçılığa qarşı etiraz və onu əlbəttə ki, dünya birliyi mətbuat vasitələrinin iştirakı ilə dünya, xalqlar, sovet ölkəsində yaşayan insanlar hamısı xəbərdar oldular ki, Heydər Əliyev Qorbaçov rəhbərliyinin səhv addımını qətiyyətlə pisləyir, Azərbaycan xalqının itkiləri ilə bağlı insanlara dözüm, səbr diləyir.

Həqiqətən də bu çox vacib hadisə idi. Çünki, Heydər Əliyevin Moskvadan bütün dünyaya yaydığı o bəyanat, mesajlar göstərdi ki, bəli bu xalqı zorla təslim etmək olmayacaq. Əgər xalq öz mücadiləsinə qalxıbsa o sona qədər öz əsas hədəfinə qədər gedəcək və ona çatacaq. Təbii bu prosesin bizim tariximizdə çox böyük ibrətamiz mahiyyəti var. Onu yeni nəsillər bilməlidirlər. Çünki biz yavaş-yavaş o proseslərdən uzaqlaşırıq. 90-cı ildə baş vermiş bu hadisə indi də biz görürük ki, kiçik uşaqlarımız necə öz valideynlərindən xahiş edirlər ki, Şəhidlər Xiyabanına getsinlər, orada bizim qəhrəman oğul və qızlarımızın xatirəsini ehtiram hissi ilə yad etsinlər və bu özü tərbiyəvi məfkurədir. Çünki əgər xalqlar mübarizədə qurban verməyə hazır deyillərsə onlar heç vaxt öz hədəflərinə çatmırlar. Ona görə də biz göstərdik ki, biz nə qandan, nə itkidən qorxuruq. Geri çəkilmək yoxdur. Biz tankların da qarşısından qaçmadıq, iri çaplı pulemyotların digər silah-sursatın da önündən geri çəkilmədik. Ona görə də o mənəviyyatsız ordu komandirləri atəş açmaqla bir daha göstərdilər ki, bu dövlətin artıq gələcəyi çox qaranlıqdır. Madam ki, siyasi rəhbərlər belə ağılsız, mənasız, heç qətiyyən tələb olunmayan addımlara qərar verirlərsə, deməli onlar həqiqətən də özlərini əmin, arxayın hiss edə bilmirlər. Onlar qorxudan digərlərinə təpki göstərirlər. Özləri fərsiz olduqlarından belə addımlara yol verirlər və biz təbii ki, bu işlərin hamısını zaman-zaman öyrənəcəyik. Çünki hadisə bir günün, iki günün içində oldusa Bakıda, Bakı ətrafında, ölkənin digər bölgələrində bizim verdiyimiz hər bir itkimiz, hər verdiyimiz Şəhid müqəddəs bir ruhdur. O ruhlar həmişə bizim üzərimizdə dolaşır və biz onları heç vaxt yaddan çıxarmalı deyilik. Ona görə də hələ bir çox həqiqətlər var ki, onlar zaman keçdikdən sonra açılacaq. Necə ki, hadisələrdən bir dövr keçdikdən sonra arxivlər açılır və insanlar artıq yeni həqiqətləri özləri üçün dərk edirlər və 20 Yanvar hadisəsinin bizim xalqımızın həyatında, yeni tarixində xüsusi yeri var. Biz o qəhrəmanlarımızı unutmuruq, həmişə ehtiramla yad edirik. Çünki onlar bizim azadlığımız, inkişafımız uğrunda öz həyatlarını qurban veriblər. Allah onların hamısına rəhmət etsin”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...