20 Yanvar Azərbaycan xalqının iradəsini və mübarizliyini nümayiş etdirdi - DEPUTAT ŞƏRH ETDİ

“20 Yanvar hadisəsi xalqımızın qan yaddaşı olmaqla yanaşı Azərbaycan xalqının iradəsini və mübarizliyini nümayiş etdirdi. Əslində bu faciənin baş verməsinin kökündə 1987-ci ildən başlayaraq ermənilərin azərbaycanlılara qarşı açıq şəkildə həyata keçirməyə başladıqları çirkin niyyətlərinə qarşı mövcud rejimin ədalətsiz yanaşması dayanmışdı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, bu ədalətsizlik xalqın içində milli azadlıq ruhunu böyütmüş və müstəqilliyinə qovuşmaqla öz taleyinə özümüz qərar vermək istəklərini açıq şəkildə ifadə edilməsini şərtləndirmişdir: “Yanvarın 19-dan 20-yə keçən gecə öz etirazını bildirmək üçün küçəyə çıxmış əli yalın dinc insanlara qarşı heç bir xəbərdarlıq edilmədən təpədən dırnağa qədər silahlanmış Sovet ordusu tərəfindən qətliam törədilmişdir. Bu qətliam Sovet İttifaqı Komunist Partiyasının rəhbərliyi tərəfindən qabaqcadan planlaşdırılmış senari üzrə baş vermişdir”.

Deputat sözlərinə belə davam edib: “Mixail Qarbaçovun əmri ilə qırğının törədilməsi və SSRİ müdafiə naziri Yazov və SSRİ daxili işlər naziri Bakatinin qabaqcadan Bakıya gələrək bu əməliyyata rəhbərlik etməsi Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, cinayətdir. Bir gecənin içində fövqəladə vəziyyət elan olunana qədər 82 nəfər amansızcasına qətlə yetirilib. Beləliklə qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb və 744 nəfər yaralanıb. Həlak olanlar arasında qadınlar, uşaqlar, qocalar, təcilli yardım işçiləri və milislər olmuşdur. SSRİ miqyasında 20 yanvara qədər belə bir vəhşilk və qırğın baş verməmişdi. 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib. Təbii ki, o vaxtı bu, böyük cəsarət tələb edirdi. Heydər Əliyev Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bəyan edir. Çox təəssüf ki, o vaxtkı rəhbərlik cəsarət tapıb 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilməsini ortaya qoya bilmir.

1990-cı il yanvarın 22-də Azərbaycan SSR Ali Sovetin fövqəladə sessiyası çağırılır və Bakı şəhərində törədilmiş faciəli hadisələrin təhqiqi üçün deputat-istintaq komissiyası yaradılması barədə qərar qəbul edilir. Lakin bu komissiya hadisəyə hüquqi-siyasi qiymət vermək əvəzinə, ölənlər və yaralananlar, dövlətə və ictimai təşkilatlara, vətəndaşlara vurulan ziyan haqqında informasiya xarakterli məlumatlar toplamaqla işini bitmiş hesab etdi. Bu komissiya öz rəyini faciənin törədilməsində iki il sonra – 1992-ci ildə SSRİ süqut etdikdən sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasına təqdim etmişdi. Milli Şura isə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət vermək əvəzinə, deputat-istintaq komissiyasının rəyini qənaətbəxş hesab edib, onu təsdiq etməklə kifayətlənmişdi. Ancaq 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. Milli Məclisin həmin qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”. 1995-ci aprelin 27-də İstanbulda Mixail Qorbaçov Qara Yanvarla bağlı bunu demişdir: “Bakıda fövqəladə vəziyyəti elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”. Qarbaçov bu ifadəni işlətməklə 20 yanvar faciəsinin günahkarı olduğunu etiraf etmiş oldu.

Xalqımız 20 yanvar faciəsinin qurbanlarının xatirəsini əziz tutur və hər il 20 yanvarında şəhidlər xiyabanına kütləvi axın etməklə şəhidlərin xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə