Müharibə dövründə düzgün informasiya siyasəti böyük əhəmiyyətə malikdir - DEPUTAT ŞƏRH ETDİ
"Ölkə başçısı 12 yanvarda dövlət kanallarına verdiyi müsahibədə beynəlxalq birliyin Azərbaycana olan münasibətindən danışıb. Həqiqətən müharibə zamanı beynəlxalq aləmdə dövlətimizə qarşı müəyyən cəbhə yaranmışdı. Bu da hər şeydən əvvəl Qafqazda mövqeyi güclənən bir dövlətin müharibədə də qalib gəlib, gücünə güc qatmasından narahat olan qüvvələrin mövcudluğundan xəbər verirdi. Tam əminliklə deyə bilərik ki, Cənubi Qafqazın siyasi simasını və geosiyasi mozaikasını əsaslı şəkildə dəyişən 44 günlük müharibə Azərbaycanın uzun illərdən bəri məqsədyönlü şəkildə davam etdirdiyi diplomatik, hərbi və siyasi tədbirlərin və hazırlığın nəticəsi idi". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.
Onun sözlərinə görə, məlum olduğu kimi, müharibə dövründə düzgün informasiya siyasəti böyük əhəmiyyətə malikdir: "Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında müharibə dövrü üçün müəyyənləşdirilən və həyata keçirilən siyasət həm hərb meydanında, həm də informasiya cəbhəsindəki üstünlüklərimizi təmin etdi. Daxili auditoriyada mərkəzləşmiş qaydada hərbi informasiya mərkəzindən döyüşlərin gedişi və cəbhədə qazandığımız uğurlarla bağlı operativ məlumat verilir, dünyanın ən məşhur televiziya kanalları olan "CNN", "Əl-Cəzirə", "Euronews", "CNN-Türk", "Rossiya 1", Türkiyənin "TRT Haber", Rusiyanın Birinci kanalına, eləcə də Avropa və Asiya ölkələrinin məşhur televiziyalarına verilən informasiyalarda Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və uzun illərdən bəri işğal altında olan torpaqlarımızda törədilən vandalizm aktları, tarixi mədəniyyət abidələrinin məhv edilməsi, həmin ərazilərdə qeyri-qanuni köçürülmə siyasətinin həyata keçirilməsi, 27 sentyabrdan başlayaraq isə Ermənistanın mülki əhalimizə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması konkret fakt və sənədlərlə dünya birliyinin diqqətinə çatdırılırdı".
Deputat sözlərinə belə davam edib: "Qətiyyətli siyasi iradə nümayiş etdirən Ali Baş Komandan hərbi əməliyyatların getdiyi 44 gün ərzində xarici informasiya agentlikləri və televiziyalarına verdiyi 30-dan çox müsahibəsinin hər birində münaqişənin əsl üzünü, problemə dünyanın ikili standartlar əsasında yanaşmasının fəsadlarını, Ermənistanın işğalçılıq və faşist siyasətinin mahiyyətini açıb göstərir, jurnalistlərin dəfələrlə səsləndirdiyi ittiham dolu, qərəzli, Ermənistana dəstəkdən irəli gələn suallarını təmkinlə cavablandıraraq onları həqiqətə obyektiv qiymət verməyə çağırırdı".
"Uzun illərə dayanan təcrübə göstərirdi ki, münaqişənin nizamlanması üçün yaradılmış ATƏT-in Minsk qrupu 28 il ərzində hərbi həll yolunu inkar edərək Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirməyə və münaqişəni diplomatik-siyasi yollarla nizamlamağa uğursuz cəhdlər etmişdi. Bu Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına hədəflənmişdi. 2-ci Qarabağ münaqişəsi ərəfəsində Cənubi Qafqazda geosiyasi vəziyyət keçən əsrin sonundakından qat-qat fərqli idi. Ölkə başçısının da qeyd etdiyi kimi artıq BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB kimi nüfuzlu dünya təşkilatları yaranmış reallıqları tamamilə qəbul ediblər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB