"Şuşa ili" bizə nə verəcək? - DEPUTAT ŞƏRH ETDİ

"Şuşa Azərbaycan şəhəridir. Uzun illər düşmən işğalına baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Ali Baş Komandan İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində 2022-ci ili “Şuşa ili” elan etdiyini bildirdi. Yanvarın 5-də isə Prezident bununla bağlı sərəncam imzaladı. Sərəncama əsasən, Nazirlər Kabinetinə “Şuşa ili” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, bu sərəncam Azərbaycan xalqı tərəfindən minnətdarlıq və məmnunluqla qarşılandı: "Səbəbi isə bəllidir. Şuşa mədəniyyətimizin paytaxtı, qədim Azərbaycan torpağıdır. Bu sərəncam isə qədim mədəniyyətimizə, əzəli torpaqlarımıza bağlılığın nümunəsidir".

Deputat sözlərinə belə davam edib: "Bu gün isə Şuşa daha möhtəşəm, daha əzəmətli şəkildə yenidən qurulur. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır".

"Ali Baş Komandan çox vacib və önəmli qərar verdi. Şuşa Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Hesab edirəm ki, bu qərar Şuşada aparılan quruculuq işlərinə öz töhfəsini verəcək. Hazırda Şuşada çox vacib işlər görülür, şəhər artıq inkişaf mərhələsinə qədəm qoyub".

"Şuşa bizim üçün rəmzi məna daşıyan bir dəyərdir. Hər bir azərbaycanlının ürəyincə olan bir qərar verilib. Ona görə də bu il sülh, təhlükəsizlik, inkişaf, mədəniyyət və Azərbaycan bayrağının daha da yüksək yerlərdə dalğalanmasının şahidi olacağıq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə