Xəritə məsələlərində biz bir qədər fərqli davranmalı idik - HƏRBİ EKSPERT MÖVQE BİLDİRDİ

"İnanmıram ki, 2022-ci ildə mina xəritələri ilə bağlı hansısa müsbət addımlar atılsın və dəqiq xəritələr Azərbaycana verilsin". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ədalət Verdiyev bu barədə fikirlərini belə izah edib: "Çünki indiyə kimi gedən proseslər bunu ehtimal etməyə əsas vermir. Ümumiyyətlə, bu xəritə məsələlərində biz bir qədər fərqli davranmalı idik. Ən azından öncə az bir qism xəritələri əldə edib, onların dəqiqliyinə əmin olduqdan sonra əsirlərin qaytarılması işini həyata keçirməliydik. Bu daha doğru olardı. Ancaq nəzərə alsaq ki, bu proses artıq arxada qalıb. Ona görə də, bu məsələnin üzərində kilitlənməyə dəyməz. İstənilən halda ermənilərin təqdim etdiyi xəritələrə etibar etməməli olduğumuzu aylar əvvəl bildirmişdim və yazmışdım. Ona görə də, həmin ərazilərdə həm xidmət edən hərbi qulluqçularımız, həm də tikinti-bərpa işləri ilə məşğul olan vətəndaşlarımız qadağan olunmuş ərazilərə, təmizlənməmiş sahələrə girməkdən çəkinməlidirlər. Yalnız və yalnız aidiyyatı mina təmizləmə orqanlarının icazə verdiyi ərazilərdə fəaliyyəti həyata keçirməlidirlər".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə