Azərbaycanın beynəlxalq hüquqa əsaslanan istək və gözləntiləri bəllidir - DEPUTAT ŞƏRH ETDİ

"MDB dövlət başçıların qeyri-rəsmi görüşü təşkilat çərçivəsində ötən ilin yekunları və növbəti il üzrə fəaliyyət planlarlarının detallı müzakirəsi üçün çox yaxşı şans oldu. MDB məkanının yeganə qalib dövləti olaraq hərbi-siyasi reallıq yaratmış və ötən bir il ərzində bu situasiyanın hərəkətverici qüvvəsi olmuş Azərbaycan üçün zəfərinin nəticələrinin möhkəmləndirilməsi baxımdan belə platformalar çox önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, xüsusən, bölgəyə aidiyyatı olmayan, yersiz və heç bir hüquqa əsaslanmayan mövqe sərgiləyərək Qafqazda sülh və sabitliyə təhdid yaratmağa cəhd edən qüvvələrin fəallaşdığı bir şəraitdə bölgə dövlətlərinin kənar dairələrə meydan verməməsi baxımından belə bir təmas hətta zəruri idi: "Azərbaycanın sülhün təmininə və beynəlxalq hüquqa əsaslanan istək və gözləntiləri bəllidir. Dekabr ayı ərzində də bu mövqe 2 mühim platforma çərçivəsində bir daha təsbit olundu. Hesab edirəm ki, Sankt-Peterburq görüşü hər şeydən öncə bizim üçün Soçi və Brüssel platformalarında gəlinən qənaətlərin nəticələrinin möhkəmləndirilməsi baxımdan yaxşı fürsət oldu".

Deputat sözlərinə belə davam edib: "Peterburq görüşünün iştirakçılarına baxsaq, Ermənistanın özündən başqa bütün MDB dövlətləri Azərbaycanın haqq işinə bu və ya digər formada dəstək verir. Azərbaycanın yaratdığı yeni reallıq üçün Rüsiya özü 3 bəyanatla zəmanətçidir. Digər dövlətlər isə 44 günlük Zəfərimiz münasibəti ilə Azərbaycanın mövqeyini ədalətli hesab edərək hər biri post müharibə dövründə zəfər münasibəti ilə cənab İlham Əliyevə təbrik ünvanlamaqla zəfərimizin nəticələrinə açıq münasibət bildiriblər. Hətta ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan özü bu və ya digər formada Qarabağ kartından imtina etməklə əslində bu yanaşmanı davam etdirmiş oldu. Belə bir şəraitdə 70 il Sovetlər Birliyinin tərkibində birgə yaşadığımız dövlətlərlə kommunikasiya ümumu işə ancaq fayda gətirə bilər. Habelə, nəzərə alsaq ki, Zəngəzur dəhlizinin ən vacib istiqamətlərindən biri Türk dünyasının quru əlaqəsinin fiziki olaraq təminidir, Ermənistan və Azərbaycanla bərabər Orta Asiya liderlərinin də bir masaya oturmalarına ehtiyac var idi".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə