"Komandolar kifayət qədər yüksək döyüş potensialına malik olur" - HƏRBİ EKSPERT MÖVQE BİLDİRDİ

“Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfdən ötən il türk ordu modelinə keçid barədə qərar qəbul edilməsindən sonra artıq Azərbaycan Ordusunun üç yeni komando ordu hərbi hissəsi yaradılıb”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspert qeyd edib ki, hərbi hissələr yeni hərbi şəhərcik, yaşayış poliqonu, yaşayış üçün yataqxanalar və digər zəruri olan bütün müasir infrastruktur və avadanlıqla tam təchiz edilib. Belə bir sürətlə komando hərbi hissələrinin yaradılması yaxın zamanlarda daha çox sayda mootoatıcı hərbi hissələrinin komando hərbi hissələri ilə əvəz olunacağını ehtimal etməyə əsas verir.

Ədalət Verdiyev bu barədə fikirlərini belə izah edib: "Komando hərbi hissələri kifayət qədər yüksək intizama və döyüş potensialına malik olur. Bu baxımdan yeni yaradılan hərbi hissələrin Azərbaycan Ordusunun döyüş imkanlarını daha da genişləndirəcəyi heç kimdə şübhə doğurmur. Digər tərəfdən yeni yaradılan komando birlikləri taktiki və operativ dərinlikdə ümumilikdə quru qoşunlarının maraqlarında fəaliyyət göstərəcək. Bu isə öz növbəsində Azərbaycan Ordusuna Xüsusi Təyinatlı Qüvvələrinin resurslarına qənaət etməyə imkan verir. Bununla XTQ-dən Ali Baş Komandanın, həm də Müdafiə Nazirliyinin rəhbərliyinin maraqlarında yalnız və yalnız strateji dərinlikdə istifadəsi üçün imkanlar yaranacaq. Digər tərəfdən isə komando hərbi hissələri vəzifələrin eşalonlaşdırılması ilə bərabər həm də xüsusi təyinatlı qüvvələr üçün potensial kadr yetişdirmək baxımından da mühüm bir addımdır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə