"Bu sülh üçün Azərbaycan tərəfinin atdığı zəruri addımlardan biridir" - HƏRBİ EKSPERT MÖVQE BİLDİRDİ

"Müzəffər Ali Baş Komandanın Hadrutda hərbiçilərlə görüşü yeni ordu quruculuğu istiqamətində, işğaldan azad edilən ərazilərdə silahlı qüvvələrin yeni infrastrukturunun yaradılması istiqamətində ciddi addımların atılması ilə bağlıdır". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Hərbi ekspert qeyd edib ki, daha dəqiq desək, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan silahlı qüvvələrinin yeni hərbi hissələri yerləşdirilməlidir. Lakin həmin hərbi birləşmələr xüsusi əhəmiyyət kəsb edən qoşun növlərindən olmalıdır. Yəni döyüş bacarığı, döyüş hazırlığı yüksək səviyyədə olmalıdır. Məhz buna görə də, Xocavənd rayonun Hadrut istiqamətində yeni yaradılan hərbi birləşmə Azərbaycan ordusunun yenilənməsi prosesində yaradılan komando hərbi birləşməsi oldu.

Ramil Məmmədli bu barədə fikirlərini belə izah edib: "Ümumiyyətlə, bu yeni hərbi birləşmənin təyinatı daha mobil, sürətli əməliyyatların həyata keçirilməsi və effektiv nəticənin əldə edilməsidir. Məlum olduğu kimi ordunun əsas təyinatlarından biri də işğaldan azad edilmiş ərazilərdə müdafiəni təşkil etmək və digər hücum əməliyyatlarını təşkil etməkdir. Komando hərbi birləşmələrinin qarşısına qoyulan əsas məsələlər bunlardan ibarətdir. Hesab edirəm ki, komando hərbi hissəsinin yaradılması həmin regionda sülhün, əmin-amanlığın qorunub-saxlanması üçün Azərbaycan tərəfinin atdığı zəruri addımlardan biridir. Düşmənlə üz-üzə olan hərbi birləşmələrdə peşəkar döyüşçülər lazımdır. Dövlət də bu məsələni nəzərə alaraq Hadrut ərazisində həmin hərbi birləşməni yaratdı. Ümumiyyətlə, Ali Baş Komandanın bu tipli tədbirləri həyata keçirməsi, xüsusən də, Qarabağ və Zəngəzur ərazisində hərbi təyinatlı işlərin icra olunması Azərbaycanın həmin istiqamətdə gücünün möhkəmləndirilməsinə hesablanıb".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə