Görüş hər iki ölkə üçün faydalı olacaq - EKSPERT ŞƏRH ETDİ

"Gürcüstan Azərbaycanla dost ölkədir. Bilirsiniz ki, Azərbaycanı Gürcüstana bağlayan və Gürcüstanı Azərbaycana bağlayan məhz enerji kəmərləridir. Demək olar ki, Müdafiə Nazirinin də görüşü mütəmadi olaraq keçirilir və iki dost ölkənin müdafiə nazirləri görüşəndə əlbəttə, birinci növbədə təhlükəsizlik, o cümlədən də hərbi əməkdaşlıq məsələləri, yeni planlar, proqramlar qurulur". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, iki ölkənin Silahlı Qüvvələrinin inkişafı, ordunun inkişafı ilə bağlı müəyyən bir qərarlar qəbul olunur və yeni planlar tərtib olunur: "Bilirsiniz ki, artıq Gürcüstan və Azərbaycan birgə təlimləri hər il keçirilir. Bu təlimlərin əsas məqsədi kəmərlərin təhlükəsizliyini təmin etmək və o cümlədən iki ölkənin də müştərək hədəflərə nail olaraq birgə fəaliyyət göstərməkdən ibarətdir. Azərbaycan bilirsiniz ki, regionda artıq sülhü qoruyan, sülhü bərqərar edən bir ölkə kimi funksiya daşıyır. Cənubi Qafqazda ən güclü ordusu olan və ordusunun əsas məqsədi bu regionda sülhü qorumağa yönəldən bir ordudur".

Ekspert sözlərinə belə davam edib: "Düşünürəm ki, Gürcüstan Müdafiə Nazirliyi nümayəndələri və hərbçiləri bu təcrübədən də faydalanmaq üçün müəyyən birgə tədbirlər görür. Ermənistan həm Gürcüstanla, həm Azərbaycanla qonşudur və düşünürəm ki, regionda Ermənistanın bugünkü revanşist çıxışları və bəzən sülhü təhlükə altına ala biləcək amilləri də nəzərdən keçiriləcək. Əlbəttə bu görüş səmərəli olacaq. Yəni, hər iki ölkə üçün faydalı olacaq".

"Düşünmürəm ki, Azərbaycanın torpaqlarının azad edilməsi və Gürcüstanın öz torpaqlarını azad etməsi prizmasına eyni prizmadan baxmaq lazımdır. Hər halda öz torpaqlarına yiyə çıxmaq hər bir ölkənin özünün işidir və biz gördük ki, Azərbaycanın Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev diplomatiya sahəsində çox böyük işlər görmüş, nailiyyətlər qazanmışdır. Mən deyərdim ki, birinci qələbəni cənab Prezident məhz diplomatiya sahəsində qazandı və Azərbaycana şərait yaratdı ki, qısa bir zamanda öz torpaqlarını işğaldan azad edib ərazi bütövlüyünü bərpa etsin. Çünki, aprel hadisələrindən sonra cənab Prezident belə bir söz işlətmişdi ki, "Əgər Azərbaycanı və Ermənistanı təkbətək qoysalar, Azərbaycan ordusu qısa bir zamanda işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyünü bərpa etməyə qadirdir". Buna cənab Prezident nail oldu və Ordu da öz sözünü dedi".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə