"Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində fəal mövqeyi təqdirəlayiqdir. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirəsinin səmərəli nəticəsinin olacağı gözləniləndir. Təbii ki, bu görüşlərdə əsas və qalib tərəf olan Azərbaycanın milli maraqlarına xidmət edən razılıqlar əldə olunmalıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, İrəvan 44 günlük savaşdakı qəti məğlubiyyətin ardından real sülh danışıqlarından yayınmaq üçün qərbi sülh prosesinə cəlb etməyə çalışırdı: "Azərbaycan hakimiyyəti üçün bütün beynəlxalq təşkilat və dövlətlərin sülh prosesində iştirakı qəbul olunandır. Vacib məqamlardan biri də məhz sülh sözləşməsinin beynəlxalq keçərliliyə malik olmasıdır. Bu səbəbdən də Şarl Mişelin təklifini səmərəli təşəbbüs hesab edərək, ölkəmiz Avropa Birliyinin vasitəçiliyinə olan rəğbət nümayiş etdirir ki, qərb təsisatları ilə əməkdaşlıq və müzakirə xətləri Azərbaycan üçün hər zaman açıqdır".
Deputat sözlərinə belə davam edib: "Ölkəmiz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin üzərində yerləşir. İkinci Qarabağ müharibəsindən sonra yeni dəhliz olan Zəngəzur dəhlizi açmaq üçün əlverişli imkanlar yaranıb. Həmin dəhliz Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan bölgəsinə gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut olacaq. Bütün bunlar deməyə əsas verir ki, ən yaxın vaxtlarda nəqliyyat sektoru enerji sektorundan sonra ölkəmizin aparıcı sektorlarından biri olacaq. Heç şübhəsiz ki, Azərbaycan dövləti sərhədlərin müəyyənləşdirilməsi və “Zəngəzur dəhliz”inin açılması tələbini gündəmdə saxlamaqla milli maraqlarını qoruyub saxlayır. Azərbaycan istər iqtisadi, istər siyasi, istərsə də hərbi baxımdan Qafqazda əsas güc mərkəzidir və müzəffər ordumuzun 44 günlük müharibədə yaratdığı yeni dəngələr beynəlxalq aləmi Azərbaycanın mənafeyini müdafiə etməyə şərtləndirir. Bütün hallarda Brüssel görüşünün baş tutması Azərbaycanın növbəti hərbi-diplomatik uğurudur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB