"Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir və demokratiyanın ölkəmizdə təminatı naminə bütün mümkün addımlar atılır. Bu siyasətin əsasını Ulu öndər Heydər Əliyev qoyub və həmin siyasəti uğurla ölkə Prezidenti cənab İlham Əliyev davam etdirir". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Azərbaycanda fikir və söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilib: "Bugün əhalinin 80 faizindən çoxu internet istifadəçisidir və istədiyi fikri yaza bilir. Bugün sosial şəbəkələr fəaliyyət göstərir və sosial şəbəkələrdə nəinki insanlar istədiyi fikri yaza bilir, hətta istədiyi adamı təhqir edə, istədiyi adamın şərəf və ləyaqətini alçalda bilir, istənilən adamın işgüzar nüfuzuna xələl gətirə bilir. Sosial şəbəkələr sanki bir cəngəllik qanunları ilə idarə olunur və bu baxımdan hesab edirəm ki, sosial şəbəkələr haqqında qanunun da qəbuluna böyük bir ehtiyac var".
Deputat sözlərinə belə davam edib: "Sərbəst toplaşma azadlığı ölkəmizdə təmin edilib və müxalifət onlar üçün ayrılmış yerdə mitinq keçirə bilərlər. Bunun üçün Qaradağ rayonunda müvafiq yer də ayrılıb və ora toplaşıb öz şüarlarını səsləndirə bilərlər, tənqidi fikirlərini söyləyə bilərlər. Bunun üçün heç bir problem yoxdur, problem başqa məsələdədir. Problem ondadır ki, bugün müxalifətin sosial bazası yoxdur, müxalifətin ardınca heç kim getmir, yaxın qohum-əqrəbalarından başqa onları dəstəkləyən yoxdur və Qaradağ rayonunda onların ardınca getməyə heç kəsi yoxdur. Ona görə də istəyirlər ki, şəhərin mərkəzində mitinq keçirmək fonu yaratsınlar. Şəhərin mərkəzi onsuz da hər zaman sıxlıqdır və ordan keçən insanlar da bir maraqlansınlar ki, nə baş verib. Kənardan bir mitinqin baş tutduğu və xeyli adamın olduğunun fonunu yaratsınlar. Reallıq bundan ibarətdir. Ona görə də bu günləri radikal müxalifətin belə təzyiq üsuluna əl atmasının heç bir mənası yoxdur.
Radikal müxalifətin bu günləri Azərbaycanın, daha doğrusu, paytaxtın mərkəzində mitinq keçirmək niyyəti əhalinin təhlükəsizliyinə problem yaradır, asayişin pozulmasına gətirib çıxarır. Məsələn, son mitinqləri fəvvarələr meydanında keçirmək istəyirdilər. Bu icazəsiz mitinq idi. Təbii ki, qarşısı alındı və orada nə qədər analar azyaşlı övladları ilə təmiz havaya, gəzintiyə çıxırlar. Basabasda uşaqların, körpələrin taleyi üçün nə qədər ciddi problemlər əmələ gələ bilərdi. Ona görə də bütün bunları nəzərə alıb məhz Qaradağ rayonunda xüsusi yer ayrılıb ki, nə qədər tərəfdarları varsa toplasınlar mitinq keçirsinlər, fikirlərini səsləndirsinlər və bunun üçün heç bir maneə yoxdur. Amma qaydalar var. Azərbaycan hüquqi dövlətdir, Bakı Şəhər Hakimiyyətinə müraciət etməlidirlər, icazə aldıqdan sonra isə həmin dediyim ərazidə mitinq keçirə bilərlər. Əks halda isə qanunun bütün gücü işə salınacaq. Bir daha deyirəm, Azərbaycan hüquqi dövlətdir, hər şey hüquq çərçivəsində baş verməlidir və belə qanuna tabesizlik nümayiş etdirdikdə isə qanunun sərt üzü ilə üzbəüz qalacaqlar".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB