İqtisadi əməkdaşdlıqda maraqlı dövlətlərin sayı günbəgün artır - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycanın bugünkü inkişafından danışarkən, ilk olaraq, sosial və iqtisadi sahədəki nailiyyətləri qeyd etmək lazımdır. Təbii ki, sosial-iqtisadi sahədə həyata keçirilən siyasətin nəticəsində formalaşan siyasi-ictimai sabitlik hal-hazırda hökm sürməkdədir və bu fakt da cəmiyyətimizin bütün sahələrinin sürətli inkişafına öz müsbət təsirini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, ölkəmizlə iqtisadi əməkdaşdlıqda maraqlı olan dövlətlərin sayı günbəgün artır: “Son illər müxtəlif ölkələrlə imzalanan sazişlər, anlaşma memorandumları bunu söyləməyə əsas verir ki, ölkəmiz qarşıdakı illərdə regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolunu daha da artıracaq. Beləliklə bu gün Azərbaycanın enerji resursları tam şəkildə Azərbaycan xalqının maraqlarının xidmətindədir və ölkəmizin artan iqtisadi imkanları uğurlu sosial siyasətin həyata keçirilməsini təmin edir. Bu gün Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də ölkəmizin artan nüfuzunun və siyasi çəkişməsinin təsdiqidir”.

“Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlıdır. Son dövrlər aparılan islahatlarla iqtisadi strategiyamız daha da möhkəmlənib. Cənab Prezidentin sənayeləşmə siyasətinin düzgün istiqamətdə aparması qeyri-neft sektorunun sürətlə inkişafına zəmin yaratmaqdadır. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların nəticəsi olaraq paytaxt və bölgələrdə quruculuq və abadlıq işləri geniş vüsət almış, regionlarımız sosial-iqtisadi inkişafı ilə dünyanın diqqətində olmuşdur. Dövlət başçısı İlham Əliyevin regionların inkişaf proqramlarının icrası ilə yaxından tanış olmaq üçün bölgələrə mütəmadi səfərləri, hər səfərdə yeni-yeni obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalması, ən əsası regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün sərəncamlar imzalamaq, Prezidentin Ehtiyyat Fondundan müvafiq məbləğlərin ayrılması və s. kimi addımlar ölkənin hərtərəfli inkişafında xüsusi önəm daşıyır. Görülən işlər əhalinin həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynamışdır”.

Deputat sözlərinə belə davam edib: “Son illərdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlaması, yüksək gəlirli ölkəyə çevrilməsi başlıca məqsəddir. Ən təqdirəlayiq hal bütün bu proseslərin pandemiya dövrünə baxmayaraq davam etməsidir. Hazırda dünyanın əksər ölkələrində sosial-iqtisadi durğunluq hökm sürür. Bu durğunluğa baxmayaraq ölkədə quruculuq abadlıq və sosial-iqtisadi inkişafı şərtləndirən bütün prosseslər axsamadan davam etdi. Pandemiya dövründə zərər çəkmiş sahibkarlar dəstəkləndi, təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Dövlət sektorunda çalışan 900 min şəxsin əksəriyyəti dövlət tərəfindən əmək haqqı ilə təmin edildi. Təbii ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənib”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə