“Dekabr ayının 9-u və 10-u tarixlərində Amerika Birləşmiş Ştatlarının onlayn formatda təşkil etdiyi "Demokrat yolunda" sammitinin demokratiyaya heç bir dəxli yoxdur. Bu ilin noyabr ayının 24-də ABŞ Dövlət Departamenti 110 dövləti bu sammitə dəvət edib və həmin sammitə dəvət edilən ölkələrin siyahısına baxdıqda çox böyük təəccüb və təəssüf hissi ilə qeyd etmək istəyirik ki, bu artıq Amerika sayağı demokratiyadır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları demokratiya sözünü artıq özəlləşdirib: “Bu demokratiya sözü sanki Amerika Birləşmiş Ştatlarının mülkiyyətində olan bir əmlaka çevrilib və Afrikadan Konqo Respublikası dəvət alıb. Demokratiya və Konqonun adlarının yanaşı çəkilməsi belə mümkün deyil. Bu sammitə Çin dəvət almır və eyni zamanda Birləşmiş Ştatlar Çini vahid dövlət kimi tanıyır, amma Tayvanı dəvət edib”.
Deputat sözlərinə belə davam edib: “Azərbaycan Respublikası regionda əsas güc mərkəzidir və Birləşmiş Ştatlarda da strateji tərəfdaşlıq münasibətlərindədir. Amma buraya Ermənistan dəvət alıb. Ermənistan baş naziri Nikol Paşinyan bu tədbirə qoşulub. O Ermənistan ki, 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxladı, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdi, vandalizm hərəkətləri etdi, soyqırımı törətdi, Azərbaycanın tarixi mədəni dinini məhv etdi və belə bir dövlət həmin sammitdə iştirak edir. Bu bəri başdan onu göstərir ki, bu sammit anti-demokratikdir. Ermənistanın iştirakına gəldikdə isə Ermənistan baş nazirinin burada niyyəti odur ki, bu iştirakla özünü demokratik dövlət olduğunun bir fonunu yaratsın. Halbuki demokratiya və Ermənistan sözləri bir-birinin antonimidir”.
“Eyni zamanda, Ermənistanın niyyəti ondan ibarətdir ki, 44 günlük müharibə dövründə beynəlxalq, daxili ictimai fikri çaşdırmaq üçün söyləyirdi ki, əslində Ermənistan Azərbaycanla yox, Türkiyə ilə müharibədədir. Bu daha çox Rusiya ictimaiyyətinə ünvanlanmış bir mövqedir. İndi isə bu sammitə qoşulmaqla fon yaratmaq istəyir ki, Ermənistan demokratik dövlətdir dəvət alıb. Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi də açıq şəkildə bəyan edib ki, bu sammitə qatılmaqda məqsədimiz Azərbaycana qarşı qarşıdurmanı, Azərbaycana qarşı təzyiqlərimizi formalaşdırmaqla bağlıdır.
Bu günləri dünyamız pandemiya ilə üz-üzə qalıb, bugün beynəlxalq səylərə, vahid mövqeyə böyük ehtiyac var. Terrorizm dünyamızı hədələyir, ciddi ekoloji problemlər mövcuddur və belə olan vəziyyətdə bu ağır problemlərə qalib gəlmək üçün dünya birləşməlidir, birgə səylər ortaya qoyulmalıdır. Amma Amerika Birləşmiş Ştatları isə əksinə bu addımları ilə dünyanı parçalamış olur və 424 milyon dollar demokratik hesab etdiyi dövlətlərə vəsait ayırır və bu vəsaitin bir hissəsi də korrupsiya ilə mübarizə məsələlərinə ayrılıb. Təsəvvür edin ki, korrupsiya ilə mübarizəyə vəsait ayrılan bir dövlətdə ABŞ prezidenti Baydenin oğlu Çində əməkdaşlıq etdiyi bir quruma investisiya qoyub”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB