"Artıq biz nəticələri almışıq" - PARTİYA SƏDRİ AÇIQLADI

“İndi baş verən hadisələrin sonu yalnız Azərbaycan bütün ərazisi boyu öz suverenliyini tam şəkildə təsbit edəndən və sərhədlərimizin delimitasiya və demarkasiyası başa çatandan sonra mümkün olacaqdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

“Ermənilərin təxribatı bu arada davam edəcəkdir, biz özümüzü aldadsaq ki, belə təxribatlar olmayacaq, bu sadəlövlük olar. Xüsusən ayın 15-də gözlənilən görüş ərəfəsində belə hadisələrin intensivləşəcəyi də gözlənilirdi və hesab edirəm bundan sonra da olacaqdır. Çünki, Soçi görüşündən sonra erməni tərəfi daha çox ağalarını bu bölgəyə bir ad altında gətirmək üçün çabalar göstərməli idilər. Əslində Soçi görüşündə ermənilərdən alınmalı olan alınmışdı və ermənilər Qərbdən əliboş qayıtmaq, ağalarını bölgəyə qaytarmaq üçün fürsətləri və bəhanələri itirmişdilər. İndi sərhədlərin delimitasiyasına qədər törədilən təxribatlar ona xidmət edir ki, delimitasiya və demarkasiya prosesi uzansın. Onlar bilirlər ki, bizim Qarabağ ərazisində artıq yeni bir ssenari ilə təxribat törətmək imkanları çox məhduddur. Çünki, burada törədilən hər hansı hadisədən sonra Rusiyanın imicinə də zərər gələcək və Rusiya sülhməramlıları bunun istər-istəməz qarşısını alacaqlar. Üstəlik də Azərbaycan tərəfi artıq münaqişəni bitirdiyini və heç bir statusdan söhbət gedə bilməz, deyib. Onda sərhədlərdə təxribat törətməklə burada marağı olan dövlətlərini burada çağırmaq üçün sabitliyin pozulması lazımdır ki, bir bəhanə olsun ki, yeni bir vasitəçi, müşahidəçi və ardınca da yeni bir sülhməramlı ortaya çıxsın. Yəni bölgəyə sülhməramlı missiyanın kiminsə qayıtması üçün burada təxribat lazımdır. Ermənilər Brüssel görüşünə qədər də təxribatlara davam edəcəklər və ola bilər ki, bu görüşdən sonra da belə hallar baş versin. Lakin artıq proses başlayıb və Azərbaycan tərəfi Soçidə çox ciddi iki məsələdən nəticə aldı və oradan qayıtdı. Bizim bir çox işlərimiz var, amma işlər içində ilk iki iş bizim üçün çox mühüm idi. Bunlardan birincisi kommunikasiyaların açılması ilə bağlı olaraq prinsipcə razılaşmanın olması və Ermənistanın masada oturması idi. İkinci isə təbii ki, bizim sərhədlərin müəyyənləşməsi ilə bağlı məsələ idi. Növbəti görüşə isə Azərbaycan Prezidenti nəzakət xətrinə gedir, artıq biz nəticələri almışıq və bu ayın sonuna qədər də sərhədlərin müəyyənləşməsinə görə, işlər başladılıb”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə