Parad Azərbaycanın böyük tarixi qələbəsinin rəsmiləşdirilməsidir - ŞƏRH EDİLDİ

“Zəfər Paradının keçirilməsi çox vacib idi. Əslində bu Azərbaycanın böyük bir tarixi qələbəsinin rəsmiləşdirilməsidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Sahil İskəndərov deyib.

Onun sözlərinə görə, paradın ən böyük siyasi tərəfi ondan ibarət idi ki, bu parad mütləq keçirilməli idi: “Çünki, bu paradı mən, məhz İkinci Dünya Müharibəsində faşizm üzərində qazanılmış qələbənin qeyd olunduğu qələbə paradı kimi qəbul edirəm. Bu bəlkə də ondan da artıq bir qələbədir. Çünki, burada da məhz erməni faşizmi üzərində Azərbaycan xalqının, Azərbaycanın Şanlı Ordusunun qələbəsi öz əksini tapırdı”.

O, sözlərinə belə davam edib: “İkinci bir tərəfdən bütün dünyaya və regiona ilk növbədə nümayiş etdirilirdi ki, bu regionda erməni faşizminin qarşısını ala biləcək bir nizami, bir güclü ordu var ki, bu da Azərbaycan Ordusudur. Bəli, əslində erməni faşizminin bölgədə qarşısını ala biləcək ordular çoxdur. Amma çox təəssüflər olsun ki, bir sıra hallarda məqsədəuyğunluq baxımından həmin ordular, həmin dövlətlər nədənsə erməni faşizminin etdiyi cinayətə göz yumurlar. Bizim hərbi qüvvələrimiz həmin faşizmin qarşısını alacaqlar və başını dəmir yumruqla əyəcəklər”.

“Bu parad bütün dünyaya oyun nümayiş etdirdi. Daha bir önəmli məqam isə həmin Zəfər Paradında Azərbaycan Respublikası Prezidentinin və Türkiyə Prezidentinin bizim hərbçilərin paradını qəbul etməsi və onları alqışlaması idi. Bu konkret olaraq bir daha onu göstərir ki, qardaş Türkiyə bütün məsələlərdə həmişə mənəvi-siyasi baxımdan Azərbaycanın yanında olub və olacaq. Yeri gələrsə, əgər bunu reallıq tələb edərsə hərbi baxımdan da Türkiyə həmişə Azərbaycanın yanında olacaq”.

“Mən düşünürəm ki, Zəfər Paradının əsas siyasi, hərbi və geosiyasi mahiyyəti bundan ibarət idi və bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan artıq 80-ci illərin sonunda və yaxud da ki, 90-cı illərin əvvəllərində olan Azərbaycan deyil, Azərbaycanın güclü və qətiyyətli bir Ordusu var. Azərbaycanın mübariz ordusunun mübariz bir şəxsi heyəti var və Azərbaycanın müasir dövrün tələblərinə cavab verən hərbi-texniki baxımdan təchiz olunan bir ordusu var. Bu erməni faşizmi üzərində qələbə bütün dünyaya mesaj idi və həm də Azərbaycanın haqq işini dəstəkləyənlərin hamısına bir təşəkkür mesajı idi. Bir daha Azərbaycan sübut etdi ki, regionda erməni faşizminin qarşısı həmişə alınacaq, o vaxta qədər alınacaq ki, Azərbaycanın məhz belə bir güclü Ordusu olacaq. Mən düşünürəm ki, Paradın əsas mahiyyəti bundan ibarətdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə