Ermənistan ordusu nəyə görə müdafiə nazirini qəbul etmir? - POLİTOLOQ ŞƏRH ETDİ

“Bir gün içində kimisə gətirib Ermənistanda müdafiə naziri təyin etməklə ordunun tam olaraq onun sərəncamında olması mümkün deyil”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

“Çünki, Ermənistan ordusunun böyük əksəriyyəti Rusiyanın hərbi məktəblərini keçmiş insanlardı. Onlar zamanında Rusiyanın hərbi məktəblərində təhsil alıblar, onlarla aktiv iş aparılıb və bu gün ordu demək olar ki, rusiyameyilli zabitlərdən ibarət formalaşıb. Onun nəticəsi idi ki, Paşinyan bir neçə müdafiə naziri dəyişəndən sonra məcbur qalıb ümumiyyətlə hərbi sistemə aid olmayan mülki bir şəxsi gətirib müdafiə naziri təyin etdi. Çünki, ordunun içindən bir nəfər olsa belə özünə yaxın, Rusiyanın dediyi ilə oturub-durmayan hər hansı bir zabit tapa bilmədi. Bu günlərdə Ermənistanda rus dili təhsilinin ləğv olunması, Rusiya telekanallarının bağlanması və yaxud Azərbaycanda bu həcmdə rus dili məktəblərinin olması bizlə və ya Ermənistanla bağlı münasibətində elə də böyük əhəmiyyət daşımır. Mən şəxsən bu qədər məktəbin olmasının əlehinəyəm. Putinin açıqladığı rəqəm onu deməyə əsas verir ki, Azərbaycanda təhsil alanların 34%-i rus dilində təhsil alır. Lakin ölkədə əgər 349 rus məktəbi varsa və bu rus məktəblərinin hamısı Azərbaycan dövlət büdcəsi hesabına fəaliyyət göstərirsə bunun özü anormaldır. Bu gün Ermənistanda Paşinyandan fərqli olaraq Rusiyanın dediyini edən istənilən bir şəxs hakimiyyətdə olsaydı bu məsələ heç bir rol oynamayacaqdı”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə