Ermənistanın verəcəyi mina xəritələrinə etibar etmək olmaz - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra nəhayət ermənilərin 30 ildən çox bir müddətdə işğal etdikləri topraqlarımızı azad etdik”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib.

Onun sözlərinə görə, qələbədən sonra ermənilərin yaratdığı problemlərdən biri də işğaldan azad edilmiş torpaqlara minaların yerləşdirilməsidir: “Hal-hazırda Azərbaycan dövləti bütün imkanlarını səfərbər edərək məhz mina sahələrinin təmizlənməsi, infrastrukturun bərpa edilməsi istiqamətində çox böyük işlər aparır. Mina sahələrininin təmizlənməsi zamanı prioritet istiqamətlər müəyyənləşdirilib və infrasturkturun bərpa edilməsi ilə paralel olaraq logistik yolların çəkilməsinə və digər kommunikasiyaların çəkilməsinə də önəm verilir. Mina sahələrinin təmizlənlənməsi çətin və çox vaxt tələb edən prosesdir. Bütün bunlara baxmayaraq Azərbaycan dövləti sürətlə bu prosesi həyata keçirir və burada bizə qardaş Türkiyə öz köməkliyini göstərir. Rusiyanın Fövqəladə Hallar Nazirliyinin bir tağımı burada iştirak edir. Bütün bunlarla yanaşı çox böyük maarifləndirmə işləri gedir, qadağalar qoyulur. Bunun mürəkkəbliyi həm də ondan ibarətdir ki, bu proses çox dəqiq olaraq həyata keçirilir. Ona görə ki, bu insan həyatına bağlı olan vəziyyətdir. Bütün bunlara, bu qadağalara, məhdudiyyətlərə baxmayaraq başqa bir yollarla həmin əraziləri tanıyan şəxslər ora gedirlər.

Anlayıram ki, onlar neçə illik işğal altında qalan torpaqlarımızı ziyarət etmək istəyirlər və mina sahələrində həlak olanların, yaralananların 50 faizdən çoxu bu qadağalara məhəl qoymayan vətəndaşlardır. Digər həlak olanlar isə həmin ərazilərdə öz vəzifələrini yerinə yetirən şəxslərdir. Ermənistanın mina xəritələrini verməsi məsələsi daim gündəmdədir. Hələki verilən xəritələrin 20-25 faizi lazımi tələblərə cavab verir, lakin bu göstərici çox azdır. Ya onlar qəsdən belə edir, ya da doğrudan da 30 il əvvəl yerləşdirilən mina sahələrinin xəritələridir. O dövrdə peyk vasitəsilə yerləşdirilən minaların yerini dəqiqləşdirmək müəyyən profesionallıq tələb edirdi. Düşünürəm ki, Ermənistanın verəcəyi mina xəritələrinə etibar etmək olmaz. Onların verəcəkləri xəritələrə bel bağlamamalıyıq. Ona görə də minaların təmizlənməsi məhz Azərbaycan dövlətinin öz imkanları çərçivəsində həyata keçirilməlidir. Digər tərəfən isə düşünürəm ki, bu proses çox vaxt alacaq. Vətəndaşlarımız bunu anlamalıdırlar, özlərini təhlükəyə atmamalıdırlar. Sevdikləri üçün, özləri üçün qoyulan bütün qaydalara riayət etməlidirlər”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə