Azərbaycan Qarabağı yaşıl zonaya çevirməyi hədəf seçib - DEPUTAT ŞƏRH ETDİ

“Noyabr ayının 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda sayca 15-ci Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev də bu Zirvə görüşündə iştirak edib. Cənab Prezident çıxışında Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olduğunu xüsusi olaraq vurğulamış və qeyd etmişdir ki, bu təşkilat ilə əlaqələrimiz digər platformalarda da inkişaf etdirilir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində də biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləri ilə sıx əməkdaşlıq siyasətinə sadiqik: “Eyni zamanda, cənab Prezident çıxışı zamanı Azərbaycanın iqtisadi potensialı haqqında da dövlət başçılarına məlumat verərək söyləyib ki, Azərbaycanın güclü iqtisadi potensialı var və Azərbaycan dünya bankının son hesabatında 190 ölkə arasında investisiya mühitinin yüksək səviyyəsinə görə 28-ci yerə layiq görülüb”.

“Bu 18 il ərzində Azərbaycan iqtisadiyyatına 280 milyard dollar həcmində investisiya qoyulub ki, onun da yarısını xarici investisiyalar təşkil edir. Eyni zamanda, cənab Prezident vurğuladı ki, Azərbaycanın son 18 il ərzində ümumi daxili məhsulu üç dəfədən çox artmış və hal-hazırda ümumi daxili məhsul Azərbaycanın xarici borcundan 6 dəfə çoxdur. Azərbaycanın ümumi daxili məhsulun da xarici borcunun səviyyəsi 17,3 faiz təşkil edir ki, 2030-cu ilin sonuna qədər də bu rəqəmin 10 faizə endirilməsi bir vəzifə kimi irəli sürülmüşdür”.

“Eyni zamanda, bu illər ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi də kəskin şəkildə aşağı düşüb və 49 faizdən 6 faizə enib. İşsizlik problemi də bu gündən 6 faiz səviyyəsindədir. Yəni, bütün bunlar onu göstərir ki, Azərbaycanın yeritdiyi düzgün iqtisadi siyasət nəticə etibarilə bu uğurlarımızı təmin etmişdir və Azərbaycanın qazandığı bütün bu uğurlar Davos ümumdünya iqtisadi forumu tərəfindən yüksək qiymətləndirilir”.

“Cənab Prezident çıxışında bir sıra çox vacib nümunələr də səsləndirib. Belə ki, Ümumdünya İqtisadi Forumunun son hesabatında göstərilir ki, Azərbaycan uzunmüddətli strategiyasına görə daha doğrusu 10-cu yerdədir. Eyni zamanda, hökumətin islahatlara sadiqliyi səviyyəsinə görə dünyada 5-ci mövqedədir. Bunlar çox yüksək nəticələrdir. Əhalinin elektrik enerjisi ilə əlçatanlığı səviyyəsinə görə dünyada 2-ci yerdədir. Eyni zamanda, cənab Prezident vurğuladı ki, dəmir yollarının xidmət səviyyəsinə görə ölkəmiz dünyada 11-ci yerdədir. Hava yollarının xidmət səviyyəsinə görə 12-ci yerdədir. Dəniz limanlarının analoji səviyyəsinə görə 25-ci yerdədir. Avtomobil yollarının isə xidmət səviyyəsinə görə, keyfiyyətinə görə dünyada 27-ci yerdədir. Bunlar çox böyük nəticələrdir və bütün bunlar hamısı Azərbaycanın düzgün idarəçiliyi və aparılan islahatların nəticəsində əldə edilmişdir”.

Deputat sözlərinə belə davam edib: “Eyni zamanda, cənab Prezident vurğuladı ki, bütün bu nailiyyətlər pandemiyaya qarşı mübarizə dövründə də qorunub saxlanmış və Azərbaycan bu bəlaya qarşı mübarizə prosesinə milli, regional və beynəlxalq səviyyədə ciddi töhfələr vermişdir. Cənab Prezident onu da qeyd etdi ki, insanların və biznes subyektlərinin pandemiya dövründə dəymiş ziyanın ödənilməsi üçün 3 milyard dollara yaxın vəsait xərclənmişdir. 2021-ci ildə bu məqsədlər üçün pandemiya ilə birbaşa mübarizə üçün 261 milyon manat vəsait xərclənib və cənab Prezident vurğuladı ki, 2022-ci ildə isə biz bu bəlanın aradan qaldırılması, eyni zamanda vətəndaşlara və biznes subyektlərinə dəstək vermək üçün 1,6 milyard dollar vəsait xərcləyəcəyik”.

“Eyni zamanda cənab Prezident vurğuladı ki, beynəlxalq səviyyədə də pandemiyaya qarşı mübarizə prosesinə Azərbaycan ciddi töhfələr verir və həm birbaşa, həm də ÜST çərçivəsində 80-ə qədər ölkəyə Azərbaycan maliyyə və humanitar yardımlar göstərib. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan məsuliyyətli dövlətdir və ümumi bəlaya qarşı mübarizə prosesinə də çox konkret əməli töhfələr verir. Prezidentimiz onu da vurğuladı ki, vaksin millətçiliyi məsələsinə qarşı mübarizə çox önəmli məsələdir və bu sahədə ciddi problemlər mövcuddur. Ölkə prezidenti qeyd etdi ki, məhz vaksin millətçiliyinə qarşı mübarizə məqsədilə Azərbaycan BMT-nin insan hüquqları şurasında və eyni zamanda BMT baş məclisində iki dəfə mühüm qərarların qəbul edilməsinə nail olub”.

“İnsanların vaksin əldə etməsi üçün bərabər, universal imkanlara, universal əlçatanlığa malik olması məsələsi öz əksini tapıb. Eyni zamanda, cənab Prezidentin çıxışında 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan torpaqlarının işğaldan azad olunması faktı da xüsusi olaraq vurğulandı və qeyd olundu ki, Azərbaycan ərazi bütövlüyü təmin edilib, BMT Təhlükəsizlik Şurasının icra olunmayan dörd qətnaməsi icra vəziyyətinə gətirilib və bu günləri Azərbaycan Qarabağın bərpası və yenidən qurulması istiqamətində çox mühüm layihələri icra edir. Bu məqsəd üçün 2021-ci il büdcəsindən 1,3 milyard dollar vəsait ayrılıb və 2022-ci ildə də eyni həcmdə vəsaitin ayrılması nəzərdə tutulur. Azərbaycan Qarabağı yaşıl zonaya çevirməyi hədəf seçib və cənab Prezident vurğuladı ki, bunun üçün bizim geniş potensialımız var. Təsdiqlənmiş günəş enerjisi potensialı 7200 meqavatdır, günəş enerjisi potensialı isə 2000 meqavatdır. Yəni, bütün bunlar nəticə etibarilə Qarabağ iqtisadi rayonunun məhz yaşıl zonaya çevrilməsini təmin edəcək və cənab Prezident o məsələyə də diqqəti cəlb etdi ki, “keçən toplantıda Zəngəzur dəhlizi haqqında məlumat vermişdim, amma bu günləri artıq Zəngəzur dəhlizi reallığa çevrilməkdədir. Zəngəzur dəhlizi şərq-qərb, cənub-şimal nəqliyyat dəhlizinin mühüm tərkib hissəsinə çevriləcək. Bunun üçün imkanlar var və real addımlar atılmaqdadır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə