“Bu Azərbaycanın növbəti uğuru kimi dəyərləndirilməlidir” - DEPUTAT ŞƏRH ETDİ

“Noyabr ayının 26-da Soçi şəhərində Azərbaycan, Ermənistan və Rusiya siyasi liderlərinin üçtərəfli görüşü keçirildi. Bu ideyanın müəllifi, təşəbbüskarı Rusiya dövləti, Rusiya Federasiyasının prezidenti Vladimir Putindir və bu görüş post-münaqişə dövrünün həllini gözləyən məsələlərin tənzimlənməsi istiqamətində uğurlu bir addım kimi qiymətləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bir qədər də konkretləşdirsək, burada üç məsələ ətrafında çox mühüm razılaşmaların əldə edildiyi bəllidir və hər üç dövlətin siyasi liderinin mətbuat üçün keçirdiyi konfransında bu məsələlərə bir daha aydınlıq gətirildi: “İlk növbədə vurğulandı ki, Soçi görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiya və demorkasiyası ilə bağlı razılaşma əldə edilib. Söhbət ondan gedir ki, ilin sonuna qədər sərhədlərin müəyyən edilməsi ilə bağlı mexanizmlər formalaşdırılmalıdır və bu məqsədlə ikitərəfli birgə komissiyanın yaradılması razılaşdırılmışdır. Yəni, bir ildən artıqdır ki, müharibə başa çatıb və sərhəd məsələsi gündəmin əsas məsələsidir”.

“Xüsusilə də 16 noyabr tarixində sərhəddə baş verən hərbi əməliyyatlar bir daha nümayiş etdirdi ki, bu məsələ ilk növbədə həllini tapmalıdır və hesab etmək olar ki, Soçi görüşündə bu istiqamətdə çox mühüm bir addım atılıb. Humanitar xarakterli məsələlər də əsas müzakirə predmeti olub və ilk növbədə etimad mühitinin yaradılması, müxtəlif qurumlar arasında birbaşa təmasların qurulması, yeri gəlmişkən, müdafiə nazirləri arasında belə bir təmasların qurulması ilə bağlı artıq öncədən razılaşma əldə edilib və gələcəkdə digər qurumlar arasında da analoji proseslər gedə bilər. Xalq diplomatiyasının inkişafı məsələləri gündəmdə ola bilər. Bu baxımdan humanitar xarakterli əldə edilmiş razılaşmaların da böyük əhəmiyyəti var”.

Deputat sözlərinə belə davam edib: “Təbii ki, Soçi görüşünün ən mühüm nəticələrindən biri bu istiqamətdə əldə edilən əsas razılaşmalardan biri dəhlizlərlə bağlıdır. Yəni, Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiya dəhlizlərinin açılması ilə bağlı məsələdir. İqtisadi əlaqələrin bərpası ilə bağlı məsələlərdir və üçtərəfli bəyanatda da bu məsələ xüsusi vurğulanıb. Bu istiqamətdə razılaşmalar mövcuddur və xüsusilə də Rusiya prezidenti Vladimir Putinin çıxışında tez-tez dəhliz ifadələri işlədilmişdir. Yəni, bu da onun təsdiqidir ki, Rusiya tərəfi də Zəngəzur dəhlizinin işə düşməsi məsələsini dəstəkləyir, onu müdafiə edir. Bu da gələcəkdə regionda vəziyyəti kökündən dəyişə bilər. Görüşdə o da məlum oldu ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin mövqeyi birmənalı şəkildə qəbul edilir. Azərbaycana qarşı heç bir Ermənistan tərəfi ilkin şərtlər irəli sürə bilmir və həm də bu görüş bir daha nümayiş etdirdi ki, Azərbaycan Rusiya münasibətləri strateji xarakterlidir və hətta ondan da yüksəkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev məhz bu cür qiymətləndirdi və eyni zamanda, Rusiya da Azərbaycan Rusiya münasibətlərinin yüksək səviyyədə məmnunluğunu ifadə etdi. Vladimir Putin bu istiqamətdə konkret misallar çəkdi və vurğuladı ki, həqiqətən də bizim münasibətlərimizin çox geniş perspektivi var və strateji tərəfdaşlıq münasibətləridir”.

“Bütövlükdə həm Azərbaycan Prezidenti cənab İlham Əliyevin Soçi görüşünün nəticəsi olaraq imzalanmış üçtərəfli bəyanatın məzmunu ilə tanış olduqdan sonra bir daha bu qənaətə gəlmək mümkündür ki, bu bəyanat 10 noyabr və 11 yanvar bəyanatlarında əksini tapmış məsələlərin icrasını təmin edən, onun icrası mexanizmlərini inkişaf etdirən bir sənəddir və eyni zamanda üç mühüm məsələ üzrə razılaşmaların əldə edildiyini ifadə edən sənəd və nəticədə Qarabağ münaqişəsinin həllini gözləyən məsələlərin tənzimlənməsi istiqamətində mühüm addımların atıldığı bir görüşdür”.

“Sonda onu qeyd edim ki, bu görüşün ən mühüm əlamətlərindən biri də onda oldu ki, imzalanmış sənədlərdə heç bir yerdə Dağlıq Qarabağ ifadəsi işlədilmədi və bu bir daha onu göstərdi ki, həm Ermənistan, həm də Rusiya tərəfi Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edirlər. Dağlıq Qarabağ ifadəsini Paşinyan dəfələrlə şifahi şəkildə dilinə gətirsə də imzalanması yekun sənəddə bu haqda heç bir bənd salınmayıb. Bu da Azərbaycanın növbəti uğuru kimi dəyərləndirilməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə