“Ermənistanın alternativi yoxdur” - DEPUTAT ŞƏRH ETDİ

“Zəngəzur dəhlizinin yaradılması yaratdığımız yeni reallığa uyğun zamanın tələbidir. Bu dəhlizin açılması region ölkələrin hamısı üçün əməkdaşlığa yeni imkanlar yaradır. O cümlədən Rusiya da bu dəhlizin yaradılmasına ən çox maraqlı tərəflərdəndir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Rusiyaya Türkiyə, İran və Ermənistanla iqtisadi əlaqələrin genişləndirilməsinə yeni imkanlar verir: “Ona görə də Soçidə keçirilən üçtərəfli görüşdə prezident Putin öz çıxışlarında dəfələrlə dəhliz ifadəsini işlətdi. Həm də Zəngəzur dəhlizinin yaradılması 10 noyabrda və 11 yanvarda imzalanmış üçtərəfli bəyanatların tələbidir. Bu dəhliz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana manesiz keçidimizi təmin etməlidir”.

Deputat sözlərinə belə davam edib: “Görüşdə müvafiq üçtərəfli bəyanatların icrası üçün yaradılmış baş nazirlərin müavinlərinin rəhbərlik etdiyi komisiyanın fəaliyyətinin də qənaetbəxş olduğu qeyd olundu. Təbii ki, bu komisiyanın gördüyü işin görünməyən tərəfləri vardır ki, bu da kommunikasiyaların açılması ilə ictimaiyyətə məlum olacaqdır”.

”Soçi görüşündə tərəflər kommunikasiyaların açılmasına sadiq olduqlarını nümayiş etdirdilər. Burada Ermənistanın alternativi yoxdur. Sərhədlərin delimitasiya və demarkasiyası üçün də Rusiyanın məsləhəti ilə ikitərəfli komisiyaların yaradılması haqqında qərar qəbul olundu. Düşünürəm ki, biz, yaxın zamanlarda regionda mübahisəli məsələlərin həll olunmasına doğru siyasi dinamikanın dəyişildiyini müşahidə edəcəyik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə