"Düşünmürəm ki, Ermənistan uzun müddət prosesi ləngitməyi başaracaq" - SİYASİ ŞƏRHÇİ AÇIQLADI

"Ermənistan artıq uzun müddətdir ki, həm Azərbaycanla həmsərhəd ərazilərdə, həm də separatçı tör-töküntülər vasitəsi ilə Rusiya sülhməramlılarının müşahidəsi altında olan Azərbaycan torpaqlarında təxribatlarını davam etdirir. Bu təxribatların da ayrı-ayrılıqda səbəbləri var". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O, qeyd edib ki, Ermənistanın əsas məqsədi sərhəd bölgəsində yüksəkliklərə sahiblənmək və delimitasiya, demarkasiya prosesində üstün mövqeyə yiyələnməkdən ibarətdir. Təbii ki, Ermənistan bu prosesin ləngidilməsinə, eyni zamanda prosesə üçüncü qüvvələrin cəlb olunmasına çalışır. Daha öncə də biz belə addımların şahidi olmuşduq. 44 günlük müharibədən öncə Tovuz döyüşləri zamanı da Ermənistan eyni taktikanı seçərək Azərbayacana qarşı hərbi aventura törətmişdi. Bu aventura hərəkatının qarşısı da Azərbaycan Ordusu tərəfindən alınmışdı. İndiki şəraitdə də eyni senarinin şahidi olduq.

Elçin Mirzəbəyli bu barədə fikirlərini belə izah edib: "Təbii ki, Ermənistan tərəfi daha böyük itki verərək faktiki olaraq geriyə çəkildi. Biz indi Ermənistan tərəfindən müəyyən bəyanatların verildiyinin şahidi oluruq. Amma Ermənistan tərəfinin istənilən bəyanatından asılı olmayaraq, 10 noyabr sazişində göstərilən müddəalara əsasən üzərlərinə götürdükləri öhdəliklər var. Bu öhdəliklərin həyata keçirilməsində Rusiya zəmanətçi qismindədir. Bu prosesdə Rusiyanın aktiv rol alması, Ermənistan tərəfinin təxribatlarına son qoymaq üçün müvafiq qaydada həmin ölkə ilə iş aparılması, hesab edirəm ki, vacib şərtlərdən biridir. Ermənistana qarşı Azərbaycanın kifayət qədər təzyiqli rıçarqları var. Bu təzyiq rıçarqlarından Azərbaycanın istənilən an istifadə etmək imkanı var. Prosesin belə davam etməsi halında 10 noyabr bəyanatının müddəalarının icrasında müəyyən ləngimələr olacaq. Bu ləngimələr də bütövlükdə regionda sülhə, əmin-amanlığa maneə törətməklə yanaşı Ermənistanın özünün də əleyhinədir. Hazırda ətrafdan təcrid olunmuş, eyni zamanda Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi ilə bütün təbii resurslardan əli üzülmüş Ermənistanın iqtisadiyyatının dirçəlməsi üçün bu ölkənin tranzit ölkəyə çevrilməkdən başqa yolu yoxdur. Tranzit ölkəyə çevrilmək üçün isə eyni zamanda kommunikasia xətləri açılmalı, bəyanatda göstərilən layihələrin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması üçün təxirə salınmaz addımlar atılmalıdır. Parodoksal görünsə də, Ermənistanın yeganə çıxış yolu bu ölkənin siyasi rəhbərliyinin radikal milliyətçi qüvvələrin əleyhinə çıxdığı məqamlardan asılıdır. Mən düşünmürəm ki, Ermənistan uzun müddət prosesi ləngitməyi başaracaq. Konkret biz zaman kəsiyində öz üzərinə düşən vəzifəni yerinə yetirməyə məcbur olacaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...