"İstefalar cəmiyyətdəki siyasi prosesi tənzimləmir" - SİYASİ ŞƏRHÇİ AÇIQLADI

“Ümumiyyətlə, son 10-15 illər üçün Azərbaycanın daxili siyasətinin nəzərə çarpan təzahürlərindən biri siyasi partiyalardan istefalarla bağlıdır. Həmçinin, bir qayda olaraq dediyim müddət ərzində hakimiyyət və hakimiyyətyönümlü partiyalardan yox, müxalifət partiyalarından istefalar üstünlük təşkil edirlər”. Bu sözləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin Baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, müxalifət partiyalarının daxilində bir-birinin arasında birindən digərinə kadrların transferlərinə rast gəlinsə də amma əsas təzahür ümumən müxalifət düşərgəsindən istefalarla bağlıdır: “Burada da özünəməxsus olan bir xüsusiyyət də odur ki, nisbətən loyal, qanun çərçivəsində fəaliyyət göstərməyə meylli və konstruktiv müxalifət partiyalarından istefalar az-az olsa da ancaq daha radikal və barışmaz kursun üstündə fəaliyyət göstərən siyasi partiyalardan istefalara daha tez-tez rast gəlinir. Bu nöqteyi-nəzərdən barışmaz radikal kurs aparan müxalifət partiyalarından istefanın ayrı səbəbləri, loyal və konstruktiv müxalifət partiyalarından isə istefaların başqa səbəbləri var”.

Aydın Quliyev sözlərinə belə davam edib: “Ancaq cəmiyyət üçün daha maraqlısı radikal kurs aparan müxalifət partiyalarının istefalarının səbəbləridir. Burada görsənir ki, əlbəttə bu prosesin qarşısını almaq üçün radikal və konstruktiv olmayan siyasi xətt aparan siyasi partiya rəhbərləri prosesin üzərində daim düşünürlər, müzakirələr aparırlar. Rəsmi, qeyri-rəsmi bu yöndə onların tədbirləri olur. Amma hələlik prosesin qarşısını ala bilmirlər və bu proses günü-gündən güclənir”.

“Görsənir ki, radikal və barışmaz kursla gedən müxalifət partiyalarında sıravi üzvlərin və yaxud da ki, rəhbərlikdə olan şəxslərin partiyanın funksionerlərinin bu partiyanın perspektivinə inamları o qədər böyük deyil. Onlar ya siyasi partiyanın tutduğu radikal kursun cəmiyyət tərəfindən dəstəklənməməsindən narahat olaraq bu addımı atırlar, ya belə radikal kursla cəmiyyətdə həlledici və əhəmiyyətli sosial baza toplamağın mümkünsüzlüyünü dərk edərək bu addımı atırlar, ya radikal kursla gedən siyasi partiyalara beynəlxalq dəstəyin də zəif olmasını nəzərə alaraq, ya həmin kursla gedən partiyaların həm ölkə daxilində həm də beynəlxalq miqyasda manevr imkanlarının nisbətən məhdud olmasından qorxaraq da bu addımı atırlar”.

“Ümumiyyətlə, burada səbəblər çoxdur. Amma tamamilə həqiqətdir ki, radikal və barışmaz siyasi kursdan partiyalardan istefalar nisbətən sayca çoxdur. Belə gözlənilir ki, belə istefalar gələcəkdə də çox olacaq, təkcə bir partiyadan yox, radikal kursla fəaliyyət göstərən siyasi partiyaların hamısından istefalara rast gəlmək mümkündür. Əlbəttə, bu insanların seçimidir və həmin insanların sıralarında dayandıqları siyasi partiyanın perspektivinə inandırmaq məsələsi də burada ciddi məsələlərdən biridir. Görünür ki, lazımi, ideoloji metodik iş aparılmadığını, sıravi partiya üzvlərində partiyanın gələcəyinə lazımi səviyyədə bağlılıq və inam yaradıla bilmədiyinə görə üzvlər həmin partiyalardan uzaqlaşırlar. Amma bütün hallarda siyasi partiyalardan hansı olursa-olsun, istefalar fəlakətli hadisə deyil və hazırda cəmiyyəti maraqlandıran cəmiyyətin əsas önəm verdiyi siyasi proseslərin içindəki ana xəttə və ana prosesə təsir göstərə bilməz. Çünki, cəmiyyətin özünün yolu var, Azərbaycan dövlətinin daxildə gedən siyasi prosesləri var və həmin siyasi proseslərə hansısa partiyalardan olan istefalar bu və ya digər dərəcədə təsir göstərə bilməz. Yəni, istefalar cəmiyyətdəki siyasi prosesi tənzimləmir, əksinə gedən siyasi proseslər istefalara müəyyən qədər təsir göstərmək gücünə malikdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə