"Yeni gərginlik, yeni təxribatlar olacaq" -POLİTOLOQ MÖVQE BİLDİRDİ

"Son vaxtlar artan erməni təxribatlarının sonu heç də yaxşı olmayacaq. Hər halda vəziyyət göstərir ki, erməni tərəfi həm sərhəddə uduzub, həm də diplomatik müharibədə uduzur". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O, qeyd edib ki, erməni tərəfi dünən bütün gün Rusiyaya müraciət edib ki, Rusiya onlara dəstək versin. Ancaq Rusiya onlara dəstək vermədi. Nəticə kimi isə atəşkəs elan edildi. Azərbaycan öz mövqelərində daha da möhkəmləndi. Erməni tərəfi isə müəyyən imic itkiləri verdi. Eyni zamanda canlı qüvvədə, texnikada xeyli itki verdi. Bu onu göstərir ki, Azərbaycan həm hərbi, həm də diplomatik sahədə olduqca möhkəmdir.

İlqar Vəlizadə bu barədə fikirlərini belə izah edib: "Biz möhkəmlilikdən istifadə edərək delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsində israrlıyıq. Eyni zamanda Ermənistan tərəfinə təzyiqlər edilməlidir ki, demarkasiya prosesinə başlasınlar. Demarkasiya olmadan vəziyyəti dəyişmək olmayacaq. Yeni gərginlik, yeni təxribatlar olacaq. Bu da ermənilər üçün yeni itkilər deməkdir. Əlbəttə, bizim üçün də təhdiddir, bizim üçün də riskdir. Çünki hərbiçilərimiz zərbə altında olur. Ona görə də, biz demarkasiya prosesinə nail olmalıyıq ki, ermənilər öz təxribatçı əməllərindən əl çəksin. Beləliklə də, regionda sülh bərqərar olsun. Bu hər halda hər iki tərəf üçün uğurlu variantdır. Mən düşünürəm ki, ən yaxın vaxtda üçtərəfli komissiya işə başlayacaq. Rusiyanın moderatorluğu ilə iki tərəfin sərhəd orqanlarının təmsilçiləri görüşəcək və delimitasiya və demarkasiya proseslərinə başlanacaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə