"Dirçəlmək çox böyük bir dönüş deməkdir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Milli Dirçəliş Günü müasir tariximizdə ən vacib günlərdən biridir. Çünki, faktiki olaraq biz hələ post-sovet dönəmini yaşayarkən cəmiyyətimizdə müxtəlif cərəyanlar hökm sürürdü. İnsanlar bəzi hallarda keçmişə dönərək çalışırdılar ki, öz gündəmlərində olan problemləri həll etsinlər. Bir növ dolaşıq fikirlər yaşayırdılar, çaşqın vəziyyətdə idilər və bu aydın məsələdir. Çünki, bir yandan imperiya dağılmışdı, post-imperiya sindromu bəzi qüvvələri rahat buraxmırdı və onlar müxtəlif vasitələrlə cəmiyyətimizə nüfuz etməyə çalışırdılar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, digər tərəfdən, insanlar həqiqətən də gələcəyin çağırışları ilə bağlı bir növ çətinlik çəkirdilər ki, hansısa bir qərar qəbul etsinlər: "Milli Dirçəliş Günü məhz ona görə vacib gündür ki, o faktiki olaraq inamımızı özümüzə qaytardı və keçmişə dönüb gələcəyə işıq salmağa kömək etdi. Çünki, həqiqətən də Azərbaycan xalqı keçmişdə çox vacib hadisələrin iştirakçısı olub. Yəni, biz, ağır sınaqlardan çıxmışıq, özümüzə inanaraq həll yollarını tapmışıq, heç vaxt mübarizədən qaçmamışıq. Düzdür, bizə qarşı ədalətsizlik, amansızlıq olub, ancaq bununla belə biz heç vaxt mənəvi dəyərlərimizə dönük çıxmamışıq və ona görə də bu Milli Dirçəliş Günü məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində bir daha biz özümüzə qayıdaraq güc tapdıq, özümüzə inanmağa başladıq, bildik ki, yəni, bizim həm milli bayrağımız, həm də milli ideyamız var. Bizim mübarizəmizdə hədəflərimiz var və onlara çatmaqdan ötrü gərək ilk növbədə səfərbər olaq".

Politoloq sözlərinə belə davam edib: "Bu gün bizi bir də bir cərgədə olmağa sövq edirdi. Dirçəlmək həqiqətən də çox böyük bir oyanış deməkdir, dirçəlmək çox böyük bir dönüş deməkdir. Ona qədər əgər bizdə hər hansı bir şübhələr, inamsızlıq, biraz zəiflik var idisə anladıq ki, bu boşluqlardan gərək biz özümüz qurtulaq".

"Digər tərəfdən kifayət qədər potensialımız, enerjimiz, bacarığımız və intellektimiz var ki, biz o bədgümanlığı birmənalı şəkildə dəf edək və başımızı dik tutaraq irəli baxaq və öz yolumuzla gedək. Hesab edirəm ki, bu həqiqətən də ruh yüksəkliyi gətirən bir hadisə idi. Ona görə də tariximizdə, yeni tariximizdə Milli Dirçəliş Gününün xüsusi bir yeri var və biz həqiqətən də onun dəyərini bilməliyik. İlk növbədə də cavan nəsillərə də təlqin etməliyik ki, onlar məhz bu dirçəliş gününün nümunəsini rəhbər tutaraq həm özlərinə inam qazansınlar, həm də ki, qətiyyətli olsunlar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...