"Üçrənglimiz gücümüzə güc qatıb bizə ruh verməkdədir" - DEPUTAT ŞƏRH ETDİ
"Tarixdən məlumdur ki, Dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Daha sonra 70 illik sovetlər periodunda üçrənglimiz arzuolunmaz simgə kimi cəza təhdidi altında gözlərdən də könüllərdən də uzaq saxlanıldı". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, bayrağımızın ikinci dəfə Azərbaycanda öz haqq etdiyi yerdə ucalması birmənalı olaraq Prezidentlər Ümummilli lider Heydər Əliyev və cənab İlham Əliyev şəxsiyyətləri ilə bağlıdır: "Məlumdur ki, SSRİ dönəmində ikinci dəfə bayrağımızı qaldırmaq sözün əsl mənasında milli mövqe və cəsarət tələb edirdi ki, bu rolu Ümummilli lider Heydər Əliyev üstləndi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi dahi liderin təşəbbüsü ilə keçirilən sessiyada Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edildi və Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il Sərəncamı ilə üçrəngli bayrağımızın 1918-ci ildə ilk dəfə rəsmi ucaldığı 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi təsis edilib 2010-cu ildən etibarən bu tarix bayram günü kimi qeyd olunur".
Deputat sözlərinə belə davam edib: "Ötən ildən etibarən isə nəhayət ki, üçrənglimiz müstəqil Azərbaycanın başda Şuşa olmaqla işğaldan azad olunmuş ərazilərinin də üzərində dalğalanmaqda, gücümüzə güc qatıb bizə ruh verməkdədir. Bayraq hər bir vətəndaş üçün kimlikdir, mənəvi simgədir, dövlət üçün isə suverenlik göstəricisidir. Konstitusiyamızın 23-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət bayrağı dövlət rəmzimizidr. Dövlət bayrağının yerləşdirilməli olduğu yerlər, təsvirinin istifadəsi, ayrı-ayrı situasiyalarda bayraqdan istifadə "Dövlət bayrağından istifadə qaydaları haqqında" qanunvericilikdə müəyyən olunmuş formada həyata keçirilir. Dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin bayrağımıza hörmət ruhunda tərbiyə edilməsi məqsədilə iş aparılır, habelə, Azərbaycanda və ərazimizdən kənarda Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə hüquq normalarına uyğun olaraq qanunvericilik səviyyəsində tədbirlər görür. Vətəndaşlar, habelə ölkə ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar. Dövlət bayrağının masaların və ya kürsülərin üstünə örtük kimi sərilməsi, oturulan və ayaq basılan yerlərə qoyulması qadağandır və Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən, təhqiredici hərəkət hesab edilərək məsuliyyətə səbəb olur".
"Bu gün müstəqil Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağı ən mötəbər salonlarda lider dövlət və aparıcı gücün rəmzi olaraq seçilir. Qlobal təşəbbüslərdən danışılanda ilk nümayiş olunan bayraqlardan biri olan üçrənglimiz hər bir azərbaycanlı üçün fəxr, fəxarət mənbəyidir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB