“Bu, ədalətin qələbəsi və haqq işimizə Allahın açdığı yolun göstəricisidir” - DEPUTAT ŞƏRH ETDİ

“Bu gün bayrağımız həmişəkindən daha uca, vüqarlı və əzəmətlidir. Bu bayraq dalğalananda ürəyi Azərbaycan üçün döyünən hər kəsi qürurlu edir. 8 noyabrda qazandığımız dönməz və sarsılmaz qələbə üçrəngli bayrağımızın əzəmətini daha da artırıb. Məhz 8 noyabrdakı Zəfərimiz 30 il Şuşada bayraq dalğalandırmaq arzumuzun həyata keçməsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, bu gün üçrəngli bayrağımız Azərbaycanın hər bir guşəsində dalğalanır: “Bayrağımızın ucalarda dalğalanması Azərbaycanın gücünü və qüdrətini göstərir. Bayrağımız 103 il əvvəl qaldırılsa da bugünkü kimi heç vaxt bütöv Azərbaycanda dalğalanmamışdı”.

Deputat sözlərinə belə davam edib: “Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli ordumuz bayrağımıza yeni güc verdi. Zəfər Günümüzün Bayraq günü və Konstitusiya günlərin əvvəlində baş verməsi bir təsadüf deyil. Bu, ədalətin qələbəsi və haqq işimizə Allahın açdığı yolun göstəricisidir. Bu bayramlarımızın xronologiyasını ardıcılıqla olması ana qanunumuz olan konstituisiyamızın da gücünü artırır. Sevincli və qürurlu günlər yaşayırıq. Yurdumuza bir daha müharibə nəsib olmasın. Ölkəmizə bundan sonra sülh və firavanlıq olsun!”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə