“Virusla mübarizədə yeganə effektiv üsul vaksinasiyadır” - NAZİR MÜAVİNİ ŞƏRH ETDİ

“Bu tədbir Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bir örnək, bir nümunə kimi qəbul olunub. Həmin təcrübəni biz bölüşdük. Həmkarlarımızla və dünyaya öz mesajlarımızı çatdırmaq istədik. Biz həmin mesajları söylədik”. Bu sözləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 8-ci Qlobal Bakı Forumunda SİA- ya açıqlamasında Səhiyyə Nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.

Onun sözlərinə görə, əsas mesaj odur ki, pandemiya ilə uğurlu mübarizə üçün yetkin bir qlobal platforma olmalıdır: “Həmin platforma çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının bütün üzv ölkələri şərtsiz qəbul olunmuş platformaya riayət etməlidir. Bunun əsnasında vaksinlərin ədalətli bölgüsünü əldə etmək mümkündür”.

O, sözlərinə belə davam edib: “Bilirsiniz ki, pandemiyanın ilk günlərindən möhtərəm cənab Prezidentimizin uzaqgörən siyasəti və beynəlxalq nüfuzu sayəsində ölkəmizə mövcud olan vaksin istehsalının bütün formalarından vaksinlər gətirildi. Nazirlər Kabinetinin qəbul etdiyi bizim COVID-19 infeksiyasına qarşı milli strategiyasına əsasən cari ilin yanvar ayının 18-dən başlayaraq vaksinasiya kompaniyası başlanıldı. Beləliklə indiyə kimi həmin kompaniya uğurla davam edir. Qürur hissi ilə demək olar ki, əhalinin məqsəd qrupunun 60 faizdən çoxu artıq vaksinasiyadan keçib və altı ayı tamam olmuş insanlar buster inyeksiyasına dəvət olunurlar.

“Hal-hazırda bu bəla ilə mübarizədə yeganə effektiv üsul vaksinasiyadır. Bunu biz hamımız gözəl anlayırıq və fürsətdən istifadə edərək səhiyyə işçisi olaraq üzümü həmvətənlərimə tutub minnətdarlığımı bildirirəm ki, yüksək səviyyəli vətəndaşlıq məsuliyyətini nümayiş edərək vaksinasiyaya könüllü gəlirlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə