“Azərbaycan Forumda dünya ictimaiyyətinə çağırışlar edə bilər” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan beynəlxalq əhəmiyyətli məsələlərin müzakirə olunduğu platformaya çevrilib. Bir sıra tədbirlər Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilib. Azərbaycan bu tədbirlərə ev sahibliyi edib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə keçirilən bütün tədbirlər böyük əhəmiyyətə malik olur və yüksək səviyyədə təşkil edilir: “Qlobal Bakı Formunda dünyanın bir çox ölkələrindən gələcək siyasətçilər və elm adamları bugünün çağırışlarına uyğun qoyulacaq məsələlərin müzakirələrində iştirak edəcəklər. Bu, pandemiyadan sonrakı dövrdə yeni reallığa uyğun əməkdaşlığın qurulması, iqtisadiyyatın tənzimlənməsi və digər məsələlər olacaq”.

O, sözlərinə belə davam edib: “Azərbaycan üçün əhəmiyyəti isə ondan ibarətdir ki, birincisi beynəlxalq siyasətdə və beynəlxalq məsələlərdə uğurun göstəricisidir. Azərbaycan həm təşəbbüsçü, həm də böyük rola malik ölkədir. Digər tərəfdən isə 44 günlük Vətən Müharibəsində yeni reallıq yaratmışıq və bu yeni reallıqla bağlı məsələləri orada gündəmə gətirə bilərik. Yəni, Azərbaycan bu müharibədə öz ərazi bütövlüyünü təmin edib. Amma post-müharibə dövründə regionda sülh və sabitliyin təmin olunması və davamlı olması üçün addımlar atılmasıdır. Forumda da Azərbaycan bu məsələlərin həll olunması üçün dünya ictimaiyyətinə çağırışlar edə bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə