"Türkiyənin güclənməsinə qısqanclıqla yanaşırlar" - DEPUTAT ŞƏRH ETDİ

"Bu gün Türkiyə təkcə regionda deyil, bütün dünyada güclü və aparıcı bir dövlətə çevrilib. Yəni, Türkiyə NATO-da da hərbi gücünə görə də ikinci dövlətdir". Bu sözəri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, eyni zamanda, Türkiyə dünyada balanslaşdırılmış bir siyasət aparır: "Bu da bəzi dövlətlərin xoşuna gəlmir. Türkiyənin iqtisadi, siyasi, hərbi cəhətdən güclənməsinə qısqanclıqla yanaşırlar. Bilirsiniz ki, Böyük Vətən Müharibəsinin ilk saatlarından da qardaş Türkiyə və ümumiyyətlə, türk xalqı bizimlə bir olduğunu bütün dünyaya bəyan etdilər. Yəni, bu siyasi və mənəvi dəstək xalqımızı, ordumuzu daha da ruhlandırdı, bizə daha da güc vermiş oldu".

Deputat sözlərinə belə davam edib: "Bir neçə il bundan öncə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də mötəbər bir tədbirlərdə "burada Türkiyə yoxdur, mən varam" deyə bildirmişdi. Bu bir daha iki qardaş dövlətin bir-birinə necə bağlı olduğunu sübut etmiş olur. Yəni, tarixən elə Azərbaycan və Türkiyə bir millət olaraq bir yerdə olublar və bunu sübut edən 20-ci əsrin əvvəllərində böyük Atatürk, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" demişdir. Əsrin də sonunda Azərbaycan Ümummilli Lideri Heydər Əliyev, "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" söyləmişdir. Hər iki kəlam bütün dünyaya mənə elə gəlir ki, bundan sonra bir mesaj olmalıdır. Bəli, Azərbaycan və Türkiyə əsrlər boyu bir millət olaraq bir yerdə olublar və bundan sonra da bir yerdə olacaqlar".

"Elə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabr ayının 26-da Qarabağa səfəri bir daha Azərbaycan-Türkiyə dostluğunu sübut etmiş olur. Bu Qarabağa ikinci səfəri idi. Bu çox mühüm tarixi bir hadisə oldu. Zəngəzur dəhlizi Zəngilan ərazisindən keçir və bu dəhlizin açılmasının çox böyük bir əhəmiyyəti var.

Dəhliz açıldıqdan sonra uzun illər blokadada qalmış Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası bu blokadadan xilas olacaq və ümumiyyətlə, Zəngəzur dəhlizi Avropanı Asiya ilə birləşdirən çox önəmli bir nəqliyyat dəhlizi olacaq və Azərbaycanla qardaş Türkiyə arasında da quru sərhədlər bərpa olunacaq. Bu baxımdan bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanla Türkiyə arasında olan dostluq sarsılmazdır və heç kəs ona bir xələl gətirə bilməz".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə