"Dünya bu birliyə hörmətlə yanaşır" - DEPUTAT ŞƏRH ETDİ

"Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri Azərbaycan və Türkiyə münasibətlərinin necə yüksək səviyyədə olduğunu göstərdi. Bu gün iki qardaş ölkə arasındakı münasibətlər dünyanın digər dost dövlətləri üçün yaxşı bir nümunədir. Hesab edirəm ki, bu yaxşı münasibətlər ilk növbədə ölkə rəhbərlərinin, xalqlarının tövsiyyəsini dinləyərək mehriban qonşuluq və dostluq münasibətləri yaratmasıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə lideri cənab Rəcəb Tayyib Ərdoğan özlərinin şəxsi keyfiyyətləri ilə Azərbaycan və Türkiyə arasındakı münasibətləri daha da möhkəmləndirdilər: "Bu münasibətlər bu gün iki dövlət arasında mümkün olan bütün sahələri əhatə edir. Bu əməkdaşlıq günü-gündən də dərinləşir və onların liderlik xüsusiyyətləri, dünyada gedən prosesləri dərindən dərk etməsi dünya birliyində öz xalqlarının və dövlətlərinin layiqli yer tutması üçün çalışmaları müsbət nəticəsini verir. Hər iki ölkə dünya birliyində nüfuzlu ölkələrdən hesab edilir. Onların mövqeləri həm region, həm də dünya səviyyəsində ciddi qəbul edilir. Bu iki dövlətin qardaşlıq münasibətləri isə hər iki ölkə qarşısında duran həm konkret ölkə, həm də iki dövlət məsələlərinin həllinə böyük bir yardımçı olur".

Deputat sözlərinə belə davam edib: "Türkiyə Azərbaycanın ərazi bütövlüyü məsələsində ilk günlərdən yanında olub. Ermənistanla münasibətlərinə ancaq Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra mümkünlüyü barəsində bəyanatlar verib, Azərbaycanın silahlı qüvvələrinin formalaşmasında öz təcrübəsini bölüşüb. Eyni zamanda Azərbaycan da qardaş, dost Türkiyəyə maksimum qardaşlıq münasibətləri göstərib. Azərbaycanın regional layihələrinin bir qayda olaraq Türkiyədən keçməsi Türkiyənin də siyasi gücünün möhkəmlənməsinə böyük dəstək olub. Azərbaycan beynəlxalq birlikdə Türkiyə ilə bağlı bütün məsələlərdə onu ciddi surətdə müdafiə edib və bu gün iki qardaş dövlət arasında münasibətlər çox yaxın qarşılıqlı dəstək, daima bir-birinin daha da güclü olmasına yardım məsələsidir. Türkiyə Prezidentinin Füzulidə beynəlxalq aeroportun açılışına gəlişi tək ilk reysin Türkiyədən olması deyil, eyni zamanda Azərbaycanın sevincli günlərində Türkiyənin Azərbaycanın yanında olması məsələsidir. Bu dostluq, qardaşlıq bugün dünya tərəfindən qəbul edilir. Dünya bu birliyə hörmətlə yanaşır, birliyin özü üçün də nümunələr götürməyə çalışır. Azərbaycan və Türkiyə Ulu Öndər Heydər Əliyevin bildirdiyi kimi "Bir millət, iki dövlətdir" və bir millət bu iki dövlətin həmişə bir yerdə olmasına çalışır, öz liderlərinin bu istiqamətdə fəaliyyətini bəyənir və bundan sonra da bu istiqamətdə birgə fəaliyyət göstərməsinə sevinir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə