"Türkiyə ilə iqtisadi münasibətimizin böyük inkişaf potensialı var" - DEPUTAT ŞƏRH ETDİ

"Bu gün Azərbaycan-Türkiyə əməkdaşlığı və dostluğu uğurla inkişaf edir. Ortaq maraqların və dəyərlərin birləşdirdiyi bu iki ölkə dünya miqyasında ən yaxın strateji müttəfiqlərdir. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz nümunədir. Vətən müharibəsində Türkiyənin müdafiə və xarici işlər nazirləri, digər yüksək vəzifəli rəsmiləri tərəfindən də Azərbaycana birmənalı olaraq siyasi, diplomatik və mənəvi dəstək göstərildi. Bu da xalqımıza çox böyük siyasi və mənəvi güc vermək idi". Bu sözləri SİA-ya açıqlamasında deputta Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, hazırda ölkələrimiz arasında tranzit-logistika, gömrük, ticarət və digər sahələrdə əlaqələrin genişləndirilməsi, ərazilərimizin işğaldan azad edilməsi ilə əlaqədar yaranmış yeni reallıqlara uyğun olaraq iqtisadi əlaqələrin daha da inkişafı yönündə layihələr reallaşdırılır: "Hazırkı iqtisadi tərəfdaşlıq həm Türkiyə və Azərbaycanın ölkə miqyasında, həm də region miqyasında nüfuzunun və iqtisadi gücünün artımında əhəmiyyətli rol oynayır. Türkiyə ilə sıx iqtisadi münasibətimizin böyük inkişaf potensialı var. Hər iki ölkə liderləri mövcud iqtisadi əlaqələrin inkişafı üçün böyük işlər görürlər".

"Türkiyə Prezidenti cənab Ərdoğanın belə əhəmiyyətli bir gündə Azərbaycana səfəri artıq bu iki dövlətin münasibətlərinin səmimiliyinə və möhkəmliyinə bir mesaj idi. Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulmasının tarixi əhəmiyyəti olduqca böyükdür. Gələcəkdə bu yolun inşası başa çatdıqdan sonra Bakıdan İstanbula avtomobil və dəmir yolu dəhlizinin yaradılması da nəzərdə tutulur. Zəngəzur dəhlizinin regionda kommunikasiyaların, iqtisadi əlaqələrin möhkəmlənməsində rolu olduqca mühümdür, bütün iştirakçı ölkələrin Zəngəzur dəhlizindən yararlanmaq imkanlarına sahib olmaları Azərbaycanın nüfuzunu daha da artıracaq".

Deputat sözlərinə belə davam edib: "Qısa zamanda Füzuli Beynəlxalq Hava Limanının tikilməsinin, Türkiyə Prezidentinin təyyarəsinin Füzuli hava limanına enməsinin işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətə malik kommunikasiya infrastrukturunun formalaşdırılması baxımından zəruridir. Füzulidə istifadəyə verilmiş, Zəngilan və Laçında tikintisi nəzərdə tutulan hava limanlarının regionun inkişafında, Qarabağın dirçəlməsində və iqtisadiyyatın artımında öz rolunu göstərməsinə şərait yaradacaqdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə