"Bu İranın qərarında öz rolunu oynadı" - POLİTOLOQ ŞƏRH ETDİ

"İran əvvəlcə düşündü ki, Azərbaycana təzyiq etsə Azərbaycan geri addım atacaq. Amma gördü ki, Azərbaycan geri addım atmır. Həmçinin, regional güclərin təsirini də nəzərə aldı. Fikirləşdi ki, bu gərginlikdə ona dəstək ola biləcək iki ölkə varsa, biri Ermənistandır, digəri də Rusiyadır. Burada Rusiyanın dəstəyi də çox şübhəlidir. Ermənistanın dəstək verməyə isə heç potensialı da yoxdur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, İran bu gərginlikdə təklənmiş vəziyyətdə idi: "Azərbaycana isə İranla gərginlikdə arxa çıxan güclü ölkələr var idi. Bunların başında Türkiyə ilə İsraili saysaq, məncə kifayət edər. Digər tərəfdən məlumdur ki, İranın öz daxilində də problemlər var. Bu problemlər xüsusilə Cənubi Azərbaycanla bağlıdır. İranın Azərbaycanın problemləri üzərinə getməsi halında özündə də bu problemlərin qabara biləcəyi riskini alıb".

Politoloq sözlərinə belə davam edib: "Azərbaycanda İran agenturasına kifayət qədər ciddi həmlələr yetirildi. İran öz təsir elementlərini ölkədə qoruyub saxlamaq üçün də biraz yumuşalmağa getdi. Çünki, adətən dövlətlər bir başqa dövlət üzərində təsir etmə amilləri əldə etmək istəyəndə, birincisi həmin ölkədə yaşayan insanları öz nüfuz dairəsinə keçirtməyə çalışır. Ona görə də bu gərginlikdən ən çox da o sahədə zərbə almağa başladı. Yəni, İranın maraqlarını qoruyan şəxslər nəzarətə götürüldü. Onların arasında mədəniyyət mərkəzləri kimi yerlərin fəaliyyətinə ciddi müdaxilə baş verdi. Bu da İranın qərarında öz rolunu oynadı. İran elə başa düşdü ki, bu gərginlikdən onun götürəcəyi xeyir azdır. Bu səbəblə də yumuşalmağa getdi və hətta, biraz da yumuşalacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə