“İranla münasibətlər Azərbaycan üçün strateji əhəmiyyətli məsələlərdir” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun əsas istiqamətini qonşularla münasibətlər təşkil edir və məsələyə bu məntiqlə yanaşdıqda İranla münasibətlər Azərbaycan üçün strateji əhəmiyyətli məsələlərdir və Azərbaycan hər zaman qonşu İran dövləti ilə mehriban qonşuluq münasibətlərinə sadiq qalıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, son zamanlar münasibətlərimizdə müəyyən gərginlik yaranmışdır və buna görə də bütün məsuliyyət İranın üzərinə düşürdü: “Amma, son zamanlar İranın Azərbaycana münasibətində, siyasətdə yumşalma etdikləri diqqətdən yayınmır. Hesab edirəm bunun bir neçə səbəbi var. Birinci səbəb onunla bağlıdır ki, İran tərəfi gördü ki, Azərbaycan dövlətinin onun ali siyasi rəhbərliyinin prinsipial və qətiyyətli mövqeyi var. Azərbaycan Respublikasının milli dövlətçilik maraqları hər şeydən üstündür və onu sonadək müdafiə edəcək. İkincisi onunla bağlıdır ki, Azərbaycan Prezidenti açıq şəkildə öz mövqeyini ifadə etdi və bu mövqedən məlum oldu ki, Azərbaycan İranla münasibətlərində yaranmış anlaşılmaz məqamların aradan qaldırılması üçün bütün diplomatik vasitələrdən istifadə edib və bunlar heç bir nəticə vermədiyi təqdirdə daha təsirli üsullara əl atıb. Bu bir də onu göstərir ki, Azərbaycan İranla hər zaman səmimi münasibətlərə sadiq qalıb”.

Deputat sözlərinə belə davam edib: “Üçüncüsü, ölkə Prezidenti İran tərəfin ittihamlarının qarşılığında bildirdi ki, “faktlar göstərsinlər, arqumentlər göstərsinlər, dəlillərlə, sübutlarla çıxış etsinlər, ittiham edərkən bunlar yoxdursa, onda bizim üçün bunların heç bir mənası və əhəmiyyəti yoxdur”.

Cənab Prezident əminliklə ifadə etdi və bildirdi ki, “güman edirik ki, münasibətlərdə yaranmış bu gərginlik aradan qalxacaq və hesab edirəm ki, İranda da sağlam siyasi qüvvələr, siyasi dairələr vəziyyəti düzgün qiymətləndirdilər”. İranın sonrakı davranışı göstərdi ki, Azərbaycan Respublikası ilə münasibətlərdə normal məsələyə salınması İranın da milli maraqlarına uyğundur. Bütün bu səbəblərdən də indi münasibətlərimizdəki o gərginlik nöqtələri aradan qalxmaqda, əvvəlki məcraya münasibətlərimiz qayıtmaqdadır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...