Füzuli Hava Limanının əhəmiyyəti nədən ibarətdir? - DEPUTAT ŞƏRH ETDİ

“Füzuli Beynəlxalq Hava Limanı Qarabağ və Azərbaycan üçün həm iqtisadi, həm də strateji əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, bu liman Azərbaycan Prezidenti tərəfindən “Qarabağın hava qapısı” elan olunub. Bu o deməkdir ki, Qarabağ növbəti dövrdə praktik olaraq hava nəqliyyatını Füzuli Hava Limanı vasitəsilə həyata keçirəcək”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bir tərəfdən Qarabağın və işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının böyük olduğunu nəzərə alsaq, Füzuli Hava Limanı həmin potensialın reallaşmasına imkan verəcək: “Çünki, Füzuli Hava Limanı hər növ təyyarələri qəbul etmək imkanına malik olacaq. Bu da beynəlxalq yükdaşımalara və region üzərində daşınan yüklərin həcminə icazə verəcək”.

Deputat sözlərinə belə davam edib: “Nəzərə alsaq ki, bərpa və yenidənqurma, eləcə də məskunlaşma prosesindən sonra işğaldan azad olunmuş ərazilərimizdə ölkə iqtisadiyyatının 8 faizinin formalaşacağı nəzərdə tutulur ki, bu da 5 milyard manatdan artıq yeni dəyər deməkdir. Bu imkan verəcək ki, həmin dəyərin fərqli bazarlara çıxarılması və yaranmış dəyərin realizasiyasında Füzuli Hava Limanının töhfəsi olsun. Turizmin inkişafına da bu limanın böyük töhfəsi olacaq. Çünki Füzuli şəhəri Şuşa şəhəri ilə “Zəfər yolu” vasitəsilə birləşir. Həmçinin, bu şəhərləri birləşdirəcək yeni yol inşa edilir”.

“Füzuli Hava Limanı həm də strateji əhəmiyyət daşıyır. Çünki, hava limanları həm də ölkənin strateji mövqeyinin güclənməsi, təhlükəsizliyinin genişləndirilməsi baxımından vacibdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə