"Həmsədrlərin belə fəaliyyətinin sonu fiasko olmalı idi" - DEPUTAT ŞƏRH ETDİ

"Bu gün 44 günlük müharibə sonrası yaratdığımız reallıq fonunda bizi ən son düşündürən məsələlərdən biri ATƏT-in Minsk Qrupunun taleyi olmalıdır. Sirr deyil ki, qrup 44 günlük müharibəyə qədərki dövrdə faktiki nəticəsiz fəaliyyət imitasiyası ilə məşğul oldu". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi zamanı isə biz konkret tərəfə çevrilən, İrəvanı müdafiə edən həmsədrləri gördük: "Bundan başqa müharibə zamanı Vladimir Putinin iki ədalətli və vacib çıxışı istisna olmaqla, fəaliyyətləri dövründə heç bir həmsədrin dilindən BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyanın qətnamələrinə istinad edilən, Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək verən bir bəyanat eşitmədik. Faktiki olaraq həmsədrlər fəaliyyətləri dövründə işğalçı və təcavüzə məruz qalan arasında fərq qoymadan Azərbaycan və Ermənistana bərabərhüquqlu və bərabər vəzifələrə malik tərəflər kimi baxırdı".

Deputat sözlərinə belə davam edib: "Təbii ki, belə fəaliyyətin sonu fiasko olmalı idi. Azərbaycan Prezidentinin qətiyyəti və ordunun gücü faktiki olaraq Minsk Qrupunun 25 il görə bilmədiyi işi kökündən həll etdi. Ona görə də indi hansısa formada Minsk Qrupunu süni olaraq yenidən gündəm etməyi doğru hesab etmirəm. Təsisatın fəaliyyəti barədə cənab İlham Əliyev cari ilin əvvəlində Azərbaycanın mövqeyini aydın formada ifadə edib, davam etmək istəyirlərsə yeni reallığı qəbul edib, hədəflərini doğru müəyyənləşdirməli, "status" və "münaqişə" adı çəkmədən, ərazi bütövlüyünə son dərəcə hörmətlə yanaşaraq qarşılıqlı etimad mühiti və sərhədlərin qarşılıqlı tanınmasını ehtiva edən yekun sülh müqaviləsinə dair real təkliflərini ortaya qoya bilərlər. Yaxud minalanmış ərazilərin təmizlənməsi üçün konkret fəaliyyət ortaya qoymaları faydalı olar. Bundan qeyri digər fəaliyyət, xüsusən, ötən 25 il ərzindəki məqsəd və hədəflər artıq reallıq deyil və bu kimi cəhd və bəyanatlar ancaq və ancaq regionda bitmiş münaqişənin alovlanmasına, sülh və sabitlik, o cümlədən əməkdaşlıq perspektivlərinə zərbə vurar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə