"Çalışmaq lazımdır ki, görüşədək Paşinyan hakimiyyətdə qalsın" - POLİTOLOQ ŞƏRH ETDİ

"İddialara görə noyabrın ilk on günlüyündə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü gözlənilir. Müzakirələrin nəticəsində sərhədlərin delimitasiya və demarkasiyası ilə yanaşı, həm də kommunikasiya xətlərinin açılması ehtimal olunur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Kənan Novruzov deyib.

Onun sözlərinə görə, əslində bu, yetişmiş prosesdir və çox güman ki, razılıq Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı arasındakı sonuncu görüşdən sonra əldə olunub: "Bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın verdiyi açıqlama diqqət çəkir. O, deyib ki, iqtisadi kommunikasiyaların açılması mümkündür. Görünür, rəsmi İrəvan artıq reallıqları qəbul etmək üzrədir. Şübhəsiz, Ermənistanın xahişi ilə Hərbi Qənimətlər Parkından düşmən hərbçilərinin maketlərinin götürülməsi ciddi addım idi. Bu, bir tərəfdən rəsmi Bakının humanist mövqeyinin göstəricisi idi. Eyni zamanda Ermənistanın regional əməkdaşlıq yoluna qədəm qoyması üçün bir növ stimul oldu. Rəsmi İrəvanın belə bir jesti qarşılıqsız qoyması isə heç bir halda ona baş ucalığı gətirməzdi".

O, sözlərinə belə davam edib: "Doğrudur, regiondakı mövcudluğunu qorumaq baxımından məsələnin birdəfəlik həlli Rusiyanın ürəyincə deyil. Amma həm də nəzərə almaq lazımdır ki, Moskvanın artıq sülhməramlılıq mandatı var. Xüsusilə ATƏT-in Minsk Qrupunun yenidən fəallaşması fonunda Kreml Qərbin Cənubi Qafqaza gəlməsini istəmir. Bunun qarşısını almağın yeganə yolu isə hansısa irəliləyişə nail olmaqdır. Həm də, ola bilsin, Mərkəzi Asiya və Yaxın Şərqdəki proseslərlə əlaqədar olaraq Moskva Ankara qarşısında güzəştə getməyə məcbur olub. Yəni bütün hallarda-şimal qonşumuz bunu istəsə-istəməsə də proseslər Azərbaycanın və Türkiyənin arzuladığı ssenari ilə - regional əməkdaşlığa doğru davam etməlidir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın 3+3 formatı ilə bağlı səsləndirdiyi loyal bəyanat isə onu deməyə əsas verir ki, bu dövlət ən azı stiuativ olaraq altılıq platformasına razıdır. Görünür, Moskva tədricən gücünün tükəndiyini hiss edir".

"İndi əsas məsələlərdən biri Ermənistandakı daxili siyasi vəziyyətdir. Belə ki, müxalifət Paşinyanın noyabr ayında Moskvaya getməsini istəmir. Xüsusilə keçmiş prezident Robert Köçəryan və onun ətrafı bu prosesin qarşısını almaq üçün, yəqin ki, əlindən gələni edəcək. Mitinqlərin keçirilməsi, iqtidara qarşı təzyiqlər istisna deyil. Hətta Paşinyana qarşı sui-qəsd cəhdləri də ola bilər. Çalışmaq lazımdır ki, görüşədək Paşinyan hakimiyyətdə qalsın. Əks halda proses uzana və ya bunun üçün bəhanə tapıla bilər".

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...