"Prezident erməni saxtakarlıqlarına arqumentli cavab verir" - ŞƏRH EDİLDİ

“Cənab Prezident İlham Əliyev yenə də sadə xalqla, işğaldan azad olunmuş bir bölgənin nümayəndələri ilə görüş keçirdi. Bu artıq onun sayını itirdiyimiz növbəti bir görüşüdür”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu göstərir ki, dövlət başçımız işğaldan azad olunan torpaqların problemlərinin həll edilməsi və inkişafı ilə bağlı məsələləri ciddi diqqət altında saxlayır: “Onun Füzuli sakinləri ilə görüşü zamanı Füzuli rayonu və onun gələcəyi barəsində dediyi fikirlər tək füzulilər tərəfindən deyil, bütün Azərbaycan tərəfindən böyük maraqla qarşılanıb”.

“Füzuli, Azərbaycanın inkişaf edən yeniliklərin tətbiq edildiyi və regional logistik mərkəzə çevriləcək bölgəmiz olacaq. Heç bir şübhəmiz yoxdur ki, qısa zamanda artıq Füzulidən olan ilk keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıda biləcəklər”.

Deputat sözlərinə belə davam edib: “Cənab Prezident təkcə Füzuli rayonu ilə bağlı deyil, Azərbaycanın tarixi, bu günü və sabahı ilə bağlı ictimaiyyət nümayəndələri ilə söhbətdə öz mövqeyini bildirdi. Onlar öz dəqiqliyi, tarixi düzgünlüyü, ən əsası isə vətənpərvərliyi ilə seçilir. Bir daha sübut olundu ki, Liderimiz Azərbaycan tarixini yaxşı bilir. O, erməni saxtakarlıqlarına arqumentli cavab verir. Hesab edirəm ki, bu görüş Azərbaycanın müstəqillik qazandıqdan sonra öz problemlərini uğurla həll etdiyinin növbəti bir nümunəsidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...